Sosial şəbəkələrdə saxta iş elanları - Qanun nə deyir?
Sosial şəbəkələrdə yayılan saxta iş elanları vətəndaşları aldadaraq əvvəlcədən kart ödənişi etməyə sövq edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, işə qəbuldan əvvəl vətəndaşdan kart məlumatlarının və ya pulun tələb edilməsi qanunsuz hesab olunur və bu, dələduzluq kimi qiymətləndirilə bilər:
“Şəxsin işə qəbul vədi ilə kart məlumatlarını və ya pulunu ələ keçirmək məqsədilə aldadılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq cinayəti kimi tövsif edilir və cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünasın sözlərinə görə, kart məlumatlarının və ya kartdan ödəniş edilməsinin tələb olunması yalnız qanuni əsaslarla və şəffaf qaydada, müvafiq xidmət və ya məhsul müqavilində həyata keçirilə bilər:
“Kart məlumatlarının icazəsiz toplanılması və ya istifadəsi dələduzluq əməliyyatı hesab olunur və bu, qanunla qadağandır. Kart sahibinin icazəsi olmadan kart məlumatlarından istifadə edilməsi fırıldaqçılıq kimi qiymətləndirilir və məsuliyyət yaradır. Saxta elan yerləşdirən şəxslərlə yanaşı, həmin elanları yayan rəqəmsal platformalar da müəyyən hallarda hüquqi məsuliyyət daşıya bilər. “Reklam haqqında” Qanuna əsasən, rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq və ya yanlış təsəvvür yaratmaq qadağandır və bu tələblərin pozulması platforma üçün də məsuliyyət yarada bilər”.
Selcan Xudiyeva