00:00:00
Yazar
Elmira Ağayeva
06.08.2026 22:30 37 2 dəq oxuma
Sosial

Sosial şəbəkələrdə yaş məhdudiyyəti: Yeni cərimələr nəyi dəyişəcək?

Sosial şəbəkələrdə yaş məhdudiyyəti: Yeni cərimələr nəyi dəyişəcək?

 

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara edilən dəyişiklikləri təsdiqləyib. Yeni tənzimləməyə əsasən, sosial şəbəkələrdə tələb olunan məlumatların dövlət qurumuna vaxtında verilməməsinə görə 6–20 min, sorğuları 5 gün ərzində cavablandırmamağa görə 7–30 min, yaş məhdudiyyəti və 24 saat ərzində zərərli məzmunun silinməsi qaydalarını pozmağa görə isə 8–40 min manat aralığında cərimələr müəyyən olunub. Bu pozuntular bir il ərzində təkrar edildikdə cərimə məbləği 50 min manatadək yüksələcək.


Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu dəyişikliklər uşaqların internet təhlükəsizliyini təkbaşına tam təmin etməyəcək:


"Qanunvericilik dəyişiklikləri rəqəmsal mühitdə uşaqların mühafizəsi sahəsində dövlətin tənzimləmə və nəzarət imkanlarını gücləndirən mühüm hüquqi addımdır. 8 mindən 50 min manatadək müəyyən edilən ağır cərimələr sosial şəbəkə platformalarını zərərli məzmunların silinməsində daha məsuliyyətli olmağa vadar etsə də, bu dəyişikliklər uşaqların internet təhlükəsizliyini təkbaşına tam təmin etməyəcək. Beynəlxalq səviyəli platformaların alqoritmləri, aldadıcı proqramıarın vpn və s. kimi proqramların istifadəsi və saxta yaş göstəriciləri kimi problemlər fonunda qanunvericilik lazımi hüquqi çərçivəni yaradır, lakin tam təhlükəsizlik üçün valideyn nəzarəti və rəqəmsal savadlılıq da vacib şərt olaraq qalır. Tələbləri pozmaqda davam edən və cərimələri ödəməyən platformaların ölkə ərazisində bloklanması hüquqi olaraq tam mümkündür. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əsasən, uşaqların sağlamlığına zərər vuran məzmunlar 24 saat ərzində silinmədikdə səlahiyyətli dövlət qurumu cərimə tətbiq etməklə yanaşı, platformaya girişin məhdudlaşdırılması və ya bloklanması üçün məhkəməyə müraciət edə bilər, təxirəsalınmaz hallarda isə məhkəməyə qədər müvəqqəti bloklama tətbiq oluna bilər.
Yeni qaydaların icrasına nəzarət isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdindəki Elektron Təhlükəsizlik Xidməti və digər aidiyyəti qurumların keçirdiyi avtomatlaşdırılmış monitorinqlər və vətəndaş şikayətləri əsasında həyata keçiriləcək. Zərərli məzmun aşkar edildikdə platformaya rəsmi bildiriş göndərilərək sorğunu 5 iş günü ərzində cavablandırmaq tələb olunacaq, bu tələblər icra olunmadıqda isə inzibati xəta haqqında protokol tərtib edilərək sanksiyaların tətbiqi üçün məhkəməyə və ya səlahiyyətli orqana təqdim ediləcək".

Samirə Allahverdizadə

#Sosialmedia #məhdudiyyət #cərimə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər