00:00:00
Yazar
Nərmin Həşimova
29.05.2026 22:42 32 3 dəq oxuma
Sosial

“Sosial şəbəkələrin yaratdığı problemlərdən biri davamlı müqayisə etməkdir”- AÇIQLAMA

“Sosial şəbəkələrin yaratdığı problemlərdən biri davamlı müqayisə etməkdir”- AÇIQLAMA

Sosial media artıq insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar günün böyük hissəsini telefon ekranında keçirir, dostları ilə ünsiyyəti, xəbərləri, əyləncəni və hətta şəxsi həyatlarını belə sosial platformalar üzərindən yaşayırlar. Bu platformalar bir tərəfdən insanları bir-birinə yaxınlaşdırsa da, digər tərəfdən real həyatdan uzaqlaşdırdığı ilə bağlı ciddi narahatlıqlar yaradır.


Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, sosial mediadan uzun müddət istifadə insan psixologiyasına birbaşa təsir göstərir:


“Bu təsir təkcə ekrana baxmaqla məhdudlaşmır. Sosial media zamanı beyin davamlı olaraq sürətli informasiya axınına məruz qalır, müxtəlif məlumatları qəbul edir və onları emal edir. Nəticədə, insan öz həyatını başqalarının həyatı ilə müqayisə etməyə başlayır. Bir neçə dəqiqə ərzində onlarla fərqli insanın həyatından görüntülər, xəbərlər və hadisələr görürük. Beyin daim yeni informasiya və yeni stimul aldığı üçün zaman keçdikcə sakitlik və adi gündəlik həyat kifayət qədər maraqlı görünməyə bilər. Bu isə diqqət dağınıqlığına, emosional yorğunluğa, narahatlığa və daxili boşluq hissinə səbəb ola bilər. Çünki beyin fasiləsiz işləyir və nəticədə zehni yorğunluq artır. Digər tərəfdən, sosial media real ünsiyyətin yerini tam doldura bilmir. İnsan çox sayda insanla əlaqədə olsa da, özünü daha az bağlı və daha az səmimi münasibətlər içində hiss edə bilər. Yəni ünsiyyət artır, lakin emosional yaxınlıq azalır. Sosial şəbəkələr insan psixologiyasında hansı problemlər yarada bilər? Sosial şəbəkələrin yaratdığı ən böyük problemlərdən biri davamlı müqayisə etməkdir. İnsanlar sosial mediada başqalarının həyatının ən uğurlu, ən xoşbəxt və ən gözəl anlarını görürlər. Daha sonra isə öz gündəlik həyatlarını həmin görüntülərlə müqayisə etməyə başlayırlar. Bu müqayisələr özünəinamın azalmasına, özündən narazılığa, dəyərsizlik hissinə və hətta depressiv əhval-ruhiyyəyə səbəb ola bilər. Problemin əsas məğzi ondadır ki, insanlar başqalarının həyatının yalnız “vitrin” hissəsini görür, pərdəarxasında yaşanan çətinliklərdən xəbərsiz olurlar. Halbuki sosial mediada təqdim olunan görüntülər çox vaxt reallığın tam özü deyil, onun seçilən hissəsidir”.


Psixoloq qeyd edib ki, bəyənmə və izləyici sayına bağlılıq psixoloji asılılığa çevrilə bilər:


“Bəli, müəyyən hallarda bu, psixoloji asılılığa çevrilə bilər. Hər bəyənmə beyində kiçik bir dopamin reaksiyası yaradır və insan özünü daha çox qəbul olunan və dəyərli hiss edir. Problem o zaman başlayır ki, insanın özünə verdiyi dəyər daxili mənbədən deyil, başqalarının reaksiyalarından asılı olur. Əgər insan öz dəyərini yalnız bəyənmə və izləyici sayı ilə ölçürsə, həmin göstəricilər azaldıqda özünü gərgin, kefsiz və narahat hiss edə bilər. Əksinə, daxili özünəinam və özünüdəyər hissi formalaşıbsa, sosial media göstəriciləri insanın emosional vəziyyətinə ciddi təsir etmir. Bu zaman paylaşım etmək məqsədi də dəyişir. İnsan hisslərini ifadə etmək üçün deyil, təsdiq almaq üçün paylaşmağa başlayır. “Neçə nəfər baxacaq?”, “Neçə nəfər bəyənəcək?” kimi suallar onun emosional vəziyyətinə təsir edir. Bu isə sosial təsdiq asılılığının yaranmasına gətirib çıxara bilər. Təhlükəli məqam ondan ibarətdir ki, insan bir müddət sonra həyatı yaşamaq üçün deyil, paylaşmaq üçün yaşamağa başlayır. Müasir dövrdə əsas psixoloji problemlərdən biri də budur. İnsanlar görünməyə o qədər fokuslanırlar ki, bəzən həqiqətən nə hiss etdiklərini unutmağa başlayırlar. Yaşadıqları anın emosiyasına deyil, həmin anı necə paylaşacaqlarına diqqət yetirirlər. Nəticədə duyğular arxa plana keçir, sosial media isə həyatın mərkəzinə çevrilir”.


Cavahir Əsgərbəyli

#sosial media #insanlar #təsir #açıqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər