"Sosial şəbəkələr yeniyetmələr üçün bataqlıq da ola bilər, nemət də"
Yeniyetmə və gənclər üçün media çox önəmli bir rola malikdir. Media yeniyetmələrə yeni ideyalar və mövzularla tanış olmaq imkanı verir. Bu, onların dünyanı daha geniş bir perspektivdə görməsinə və ətrafı daha çox anlamalarına kömək edir. Media yeniyetmələrin dünya hadisələri və cəmiyyətdə olan proseslərlə bağlı biliklərini artırmalarında da rol oynayır. Bu, onların daha müsbət bir dünyagörüşünün formalaşmasına və öz fikirlərinin inkişaf etməsinə imkan verir. Buna əlavə olaraq, gəncləri gözlənilməz və ya yanlış məlumatların yayılması ilə bağlı təhlükələr barədə məlumatlandırır. Bu cür məsələlərlə bağlı fikirlərini öyrənmək üçün təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmova müraciət etdik.
Yeniyetmə və uşaqların maariflənməsində medianın rolu nə dərəcədədir?
Maariflənmə işini biz sosial mediada aparmalıyıq, amma eyni zamanda dövri mətbuat və televiziyalarda da bu iş getməlidir. Əlbəttə, bunu dövlət vəsaiti ilə televiziyalar etməlidir. Yazarlara bu mənada qonorarlar ayrılmalıdır ki, bu işi görməkdə motivasiyaya sahib olsunlar. Yazarlar uşaq ədəbiyyatına, yeniyetmələrə yönəlik nələrsə yazmağa meyillənirlərsə, onların içərisində çox azı uğur qazana bilir. Növbəti kitabı yazmaq və nəşr etmək üçün onların motivasiyaları çox az olur. Çünki auditoriya yetəri qədər deyil. Balaca bir auditoriyada da kitabın satılmağı onları maddi cəhətdən motivasiya etmir. Azərbaycanda populyar elm, uşaq ədəbiyyatı sahəsində inkişaf yoxdur.
Mediadan istifadənin yeniyetmə və gənclərin inkişafında hansı müsbət və mənfi tərəfləri var?
Yeniyetmələr, gənclərin böyük əksəriyyəti sosial mediadan istifadə edir. Sosial mediadan istifadə etmənin müsbət tərəfləri odur ki, onlar yeni məlumatlardan, aktual hadisələrdən, dünyada nələr baş verdiyindən, hansı inkişaf tendensiyaların getməsindən xəbərdar olurlar. Bundan əlavə, gənclər dostları ilə, dünyanın fərqli yerlərində fərqli səriştəli insanlarla əlaqələr saxlaya bilirlər. Həyatda uğur qazanmış insanların uğur hekayələri ilə tanış olub onlardan ilham alırlar. Bir də bunların tam tərsi sosial mediada özünü göstərir. Məsələn, heç bir faydası olmayan, məqsədi yalnız güldürmək və əyləndirməkdən ibarət olan məzmunlar da həddən artıq çoxdur. Şagirdlər, yeniyetmələr buna da nəzər salıb düşünürlər ki, elə həyat bundan ibarətdir. Sosial media fenomenlərinə, xüsusilə də oyun çəkən və yaxud sadəcə "challenge"lər (müəyyən qurma, məzəli videolar) edib həyatda uğur qazana biləcəyini düşünən insanları izləyirlər. Uşaqlar da elə bilir ki, həyatda uğur qazanmağın yolu budur: ya insanları güldürmək, ya da insanların diqqətini çəkmək və s. Halbuki onun yerinə özünü inkişaf etdirən, öz üzərində daim işləyən insanlarla tanış olmaq onlar üçün daha faydalı olacaq.
Gənclər mediadan necə faydalanmalıdır?
Yeniyetmələr, uşaqlar valideynlərinin nəzarətində mediadan faydalanmalı, filtrlər olmalıdır. Gənclər mütləq kibertəhlükəsizlik və media savadlılığı barədə məlumatlı olmalıdırlar. Əgər bu yoxdursa, o zaman faktla şərhi ayıra bilməyəcək. Yəni bir insanın sosial mediadakı hər hansı bir məsələ ilə bağlı şərhini həqiqət zənn edəcək. Beynəlxalq Şagird Qiymətləndirmə nəticələri göstərir ki, müxtəlif ölkələrdə 15 yaşlı uşaqların böyük əksəriyyəti fakt ilə şərhi qarışdırır. Ona görə də müəyyən qədər media savadlı olmaq, mütaliə etmək lazımdır. Hətta valideynlər də bu mənada maariflənməlidirlər ki, o uşaqlar mediadan faydalana bilsinlər. Çox seçici olmalıdırlar, hansısa bir istiqamət müəyyən edib həmin istiqamətdə olan məzmunları izləyə, araşdıra, axtara bilərlər. Sadəcə bir şeyləri izləyən və ya internet məzmunlarından istifadə edən yox, həmçinin ora material yükləyən, əlavə edən, dəyər qatan insanlar olsalar daha yaxşıdır. Çünki media artıq fərdiləşib, insana məxsuslaşıb. Ona görə də insanın maraq dairəsinə uyğun media məzmunlar artıq sosial mediada insanların qarşısına çıxır. İnsanlar bir maraq dairəsini müəyyən etməli və onunla bağlı araşdırmalı, öyrənməli, öyrətməlidir. Əks halda sadəcə milyonlarla kütlənin elədiyini istehlak edəcək və bundan ötəyə keçə bilməyəcək. Bütün uğurların, gözəlliklərin, faydaların istehlakçısı olacaq, özü yenilik yaratmayacaq.
Öz gələcəklərini qurmaq, inkişaf etmək üçün media gənclərə necə yardım edə bilər?
Yutuberliyi bir peşə kimi edən insanlar var. Bir də var ki, adam bir mütəxəssisdir- həkim, mühəndis, hakimdir. Öz sahəsi ilə bağlı məlumatları "youtube" kanalında bölüşür. Düşünürəm ki, bu yanaşma onların inkişafına töhfə verə bilər. Onlar bu məzmunları, materialları hazırlayarkən həm özlərinə auditoriya qazanacaqlar, həm də özlərini inkişaf etdirəcəklər. "Youtube" kanalında olan videolar uşaqların, gənclərin inkişafına töhfə verə bilər. Amma bu o demək deyil ki, peşələri sadəcə "youtube"-dan ibarət olsun. "Youtube"-a video çəkirlər, amma öyrəndiklərini, öz maraq dairələrindəki bir sahə ilə bağlı nələrsə hazırlayırlar. Bu, məncə, onların inkişafına fayda verə bilər. Eyni zamanda sosial mediada müəyyən mütəxəssisləri izləyə bilər və həmin insanların getdiyi istiqamətlə gedib onlar kimi mütəxəssis ola bilərlər. Onlardan ilham alıb düşüncələrindən yeni fikirlər ortaya qoya bilərlər.
Sosial media gənclərin təhsilinə və ixtisas seçiminə necə təsir göstərir?
İxtisas seçimi məsələsində sadəcə sosial media ilə kifayətlənməmək lazımdır. Sosial mediada izlədikləri insanlar onların təhsilinə, ixtisas seçiminə müsbət mənada təsir göstərə bilər. Məsələn, uğurlu bir mühəndis, həkim, hakim bu peşəyə sahib olmaq istəyən yüzlərlə insana ilham ola bilər. Amma sadəcə bununla kifayətlənmək olmaz. Uşaqların əksəriyyətinin peşə seçiminə əsas amil kimi sadəcə maliyyə motivasiyası təsir edir. Deyirlər ki, "filan işi görənlər yaxşı maaş alır, ona görə biz də o işə yönələk". Halbuki, insanlar peşə seçimində yalnız maliyyə məsələsinə, maaşın çox olmağı və az olmağı məsələsinə baxmamalıdır. Nə qədər bu işi görə bilirlər, nə qədər bacarıqları var, nə qədər bu işi sevirlər, nə qədər onların fitrəti, mizacı, xarakteri həmin peşəyə uyğundur. Bunların hamısını nəzərə alıb insanlar peşə seçməlidir. Sosial media xüsusilə 10 -11-ci sinif şagirdləri üçün bir fürsətdir. Amma dediyim kimi, çox seçici olmaq lazımdır. Əgər çox seçici olmasalar, sosial media bir bataqlıq funksiyası daşıya da bilər.Eyni zamanda bir bulaq da olub, uşaqların inkişafına kömək edən bir nemətə də çevrilə bilər. Ona görə bu mövzuda valideynlər, uşaqlar çox diqqətli olmalıdırlar. Ancaq bu yolla onlar istədiklərinə nail ola bilərlər.
Pərvin Piriyev
