Sosial şəbəkələrdə “ideal həyat”
Sosial şəbəkələr gündəlik həyatın əsas ünsiyyət və informasiya mənbələrindən birinə çevrilib. Bu platformalarda paylaşılan həyat tərzi, uğur və gündəlik anlar milyonlarla insan tərəfindən izlənir. Mütəxəssislər bildirirlər ki, sosial mediada təqdim olunan bu görüntülər gənclərin öz həyatlarını başqaları ilə müqayisə etməsinə səbəb ola bilər və bu məsələ cəmiyyətdə getdikcə daha çox müzakirə olunur.
“İnformator.az” mövzu ilə bağlı gənclərin fikirlərini, ekspertlərin isə rəyini öyrənib.
Mövzu ilə bağlı “İnformator.az”a danışan gənc Nuray Ağabalayeva qeyd edib ki, sosial şəbəkələrdə gördüyüm insanların həyat tərzlərini bəzən öz həyatımla müqayisə edirəm:
“Xüsusilə də öz yaşıdlarıma və ya mənimlə eyni yaşda olub tamamilə fərqli həyat yaşayan insanlara baxanda bu hiss daha çox yaranır. Onlar istədikləri kimi gəzə, əylənə, səyahət edə və xərclərini istədikləri şəkildə idarə edə bilirlər. Mən isə öz həyat tərzimə baxıram: oxumalıyam, təhsilimi başa vurmalıyam, sonra iş tapmalı, işləməliyəm. Bu baxımdan, mənim həyatım sosial mediada gördüyüm həmin insanların həyatı qədər asan görünmür. Amma eyni zamanda düşünürəm ki, bəlkə də onların həyatı da bizim düşündüyümüz qədər rahat deyil.
Buna baxmayaraq, bəzən insanın daxilində qısqanclıq və ya özünə qarşı narazılıq hissi yaranır. Bir anlıq düşünürsən ki, kaş mən də onların yaşadığı kimi yaşaya bilərdim, daha sərbəst gəzər, əylənər, istədiyim kimi vaxt keçirərdim. Düşünürəm ki, bu hissləri yaşayan təkcə mən deyiləm, mənim kimi düşünən gənclər kifayət qədər çoxdur. Bu, istər “Instagram”, istərsə də “TikTok” kimi platformalarda bizdən bir qədər daha rahat həyat yaşayan insanları gördükdə istər-istəməz yaranan bir hissdir və mən də buna daxiləm. Lakin məncə, bu doğru bir yanaşma deyil. Çünki hər kəsin öz həyat yolu, öz məsuliyyətləri və öz mübarizəsi var. Başqasının həyatı ilə öz həyatımızı müqayisə etmək düzgün olmasa da, insan olaraq bəzən bu hissləri yaşamağımız qaçılmazdır”.
Mövzu ilə bağlı “İnformator.az”a bir digər gəncimiz Namiq Əbləsənli danışıb:
“Sosial şəbəkələrdə qarşılaşdığım həyat tərzi bəzən məni istər-istəməz öz həyatımla müqayisə etməyə vadar edir. Çünki bu platformalarda insanlar adətən həyatlarının ən uğurlu, ən xoş və ən parlaq anlarını paylaşırlar. Nəticədə sosial mediada təqdim olunan mənzərə real həyatın yalnız müəyyən bir hissəsini əks etdirir. Buna baxmayaraq, bu paylaşımlar insanlarda elə bir təəssürat yaradır ki, sanki başqalarının həyatı daha maraqlı, daha uğurlu və problemsizdir. Bu isə zamanla insanın öz nailiyyətlərini və imkanlarını kiçiltməsinə, onları kifayət qədər dəyərli hesab etməməsinə səbəb ola bilər. Lakin zaman keçdikcə anlayıram ki, sosial mediada gördüklərimiz hər zaman gerçəkliyi tam şəkildə əks etdirmir. Hər kəsin özünəməxsus həyat yolu, fərqli çətinlikləri və görünməyən mübarizəsi var”.
Mövzu ilə bağlı “İnformator.az”a media eksperti Səbinə İzzətli açıqlama edib:
Sosial şəbəkələrdə “ideal həyat” obrazı əsasən istifadəçilərin öz həyatlarının ən yaxşı, problemsiz və estetik anlarını paylaşması nəticəsində formalaşır. İnsanlar gündəlik çətinliklərini deyil, daha çox xoş və uğurlu tərəflərini nümayiş etdirirlər. Filtrlər, bəyənmələr və izləyici sayı bu görüntüləri daha da cəlbedici edir. Burada sosial şəbəkə alqoritmlərinin də rolu böyükdür. Alqoritmlər məhz bu tip məzmunları daha çox önə çıxarır və istifadəçilərin qarşısına gətirir. Nəticədə insanlarda belə bir təsəvvür yaranır ki, sanki hamının həyatı problemsizdir, yalnız onların həyatı adi və natamamdır. Bu isə özünü başqaları ilə müqayisə etməyə, psixoloji təzyiqə və reallığın təhrif olunmasına səbəb olur”.
S.İzzətli qeyd edib ki, sosial mediada yayılan bu cür məzmunların gənclərin həyat tərzinə təsiri olduqca güclüdür:
“Sosial şəbəkələrdə davamlı şəkildə təkrarlanan vizual və digər formatlı məzmunlar gənclərin düşüncə tərzini formalaşdırır. Uğurlu, xoşbəxt və “ideal” həyat modelləri zamanla gənclər üçün bir normaya çevrilir və gündəlik həyatı dəyərləndirmək üçün ölçü vahidi kimi qəbul olunur. Bu proses nəticəsində gənclər reallığı deyil, platformalarda onlara təqdim edilən formalaşdırılmış obrazları əsas götürməyə başlayırlar. Xüsusilə TikTok və Instagram kimi platformalara xas vizual formatlar bədən imici, özünüqiymətləndirmə və görünüşə əsaslanan müqayisə mexanizmlərini gücləndirir. Bu təsir xüsusilə gənclər arasında daha qabarıq şəkildə hiss olunur”.
Ekspertimiz sözügedən məsələ ilə bağlı aparılan araşdırmalardan nümunə göstərərək qeyd edib:
“İngiltərədə fəaliyyət göstərən CyberSmile Fondu 2025-ci ilin may ayında 16–24 yaş arası 1000 gəncin iştirakı ilə sorğu keçirib. Araşdırmanın nəticələri bir sıra ciddi problemləri üzə çıxarıb. Sorğuya əsasən, iştirakçıların 87 faizi sosial medianın psixoloji sağlamlıqlarına mənfi təsir etdiyini bildirib. 83 faiz gənc isə sosial mediada təqdim olunan mükəmməl həyat obrazlarının onlarda mükəmməllik təzyiqi yaratdığını qeyd edib. Bu müqayisələr onların öz həyatlarından narazı qalmasına səbəb olur. Araşdırmada gender fərqi də diqqət çəkir. Qadınlar bu təsirlərdən daha çox zərər görür. Belə ki, qadınların 91 faizi psixoloji sağlamlıqlarına mənfi təsir olduğunu bildirib, 51 faizi isə zahiri görünüşündə cərrahi dəyişiklik etmək istədiyini qeyd edib. Kişilər arasında bu göstərici 25 faiz təşkil edir. Bundan əlavə, respondentlərin 33 faizi onlayn mühitdə fikirlərini təhlükəsiz şəkildə ifadə edə bilmədiklərini deyib ki, bu da sosial mediada linç və təzyiq mədəniyyəti ilə bağlıdır.
Araşdırmanın üçüncü əsas nəticəsi isə sosial media asılılığı və həyat keyfiyyətinin azalması ilə bağlıdır. Gənclərin 45 faizi sosial media asılılığından narahat olduğunu, 48 faizi isə yuxu problemləri yaşadığını bildirib. Bununla yanaşı, iştirakçıların 53 faizi sosial mediadan daha az istifadə etdikdə özlərini psixoloji baxımdan daha yaxşı hiss etdiklərini qeyd edib.
Ümumilikdə nəticələr onu göstərir ki, gənclər sosial mediada keçirdikləri vaxtın mənfi təsirlərini dərk etsələr də, bu asılılıqdan azad olmaqda çətinlik çəkirlər. Sosial media onların həyatında xoşbəxtlik mənbəyi olmaqdan çox, psixoloji təzyiq və narahatlıq yaradan amilə çevrilir”.

Mövzu ilə bağlı “İnformator.az”a psixoloq Fatimə Hacıyeva bu müqayisənin psixoloji təsirləri ilə bağlı açıqlama edib:
Ümumilikdə sosial mediada təqdim olunan “ideal həyat” anlayışı bu gün hamımız üçün gündəlik problemə çevrilib. Platformalarda həyat çox vaxt pürüzsüz, problemsiz və şəxsiyyətsiz formada göstərilir. Reallıq olduğu kimi deyil, daha da şişirdilmiş və nümayiş xarakterli təqdim olunur. Bu isə insanlarda öz dəyərinin aşağı düşməsi hissini yaradır və onları özlərini başqaları ilə müqayisə etməyə vadar edir.
İnsan müqayisə etdikcə özünü yetərsiz hiss etməyə başlayır. Halbuki ortada real bir çatışmazlıq yoxdur. Bu, daha çox placebo effektinə bənzəyir. Sosial şəbəkələrdə göstərilən qeyri-real həyatla real həyat arasındakı fərq açıq-aydın mövcuddur. İnsan bunu əslində bilir, lakin bəzən qəbul etmək istəmir. Bu inkar halı daxili gərginlik, çaxnaşma və narahatlıq yaradır. Nəticədə diskomfort hissi formalaşır ki, bu da zamanla depressiyaya, hətta major depressiv epizodlara səbəb ola bilər. Özünə qapanma, özgüvənin azalması, dəyər səviyyəsinin aşağı düşməsi və dəyərsizlik hissinin güclənməsi kimi psixoloji problemlər ortaya çıxır. Gəncləri sosial şəbəkələrdəki “ideal həyat” təsirindən qorumaq üçün müəyyən prinsip və vərdişlər formalaşdırmaq vacibdir. Bunun üçün ilk növbədə gənclərə real həyatla daha çox təmasda ola biləcəkləri mühit yaradılmalıdır. Onlar sosial medianı bir kənara qoyaraq real tanışlıqlara, dostluqlara və münasibətlərə üstünlük verməlidirlər. Eyni zamanda onlara hər şeyin göründüyü kimi olmadığını düzgün şəkildə anlatmaq lazımdır”.
F. Hacıyeva qeyd edib ki, bu məsələdə influencerlərin də rolu böyükdür:
“Təəssüf ki, bəziləri həyatı yalnız lüks və rahatlıq üzərindən təqdim edərək insanlarda yanlış təsəvvür formalaşdırırlar. Halbuki bu, real deyil. Bəzi influencerlər özləri də zamanında çətinliklərdən keçiblər və ya maddi imkanları yüksək olub, lakin bunu nəzərə almadan hər kəsə eyni mesajı ötürürlər. Düzgün təsir göstərmək üçün cəmiyyətin sosial təbəqələrini, ehtiyaclarını və imkanlarını tanımaq lazımdır. Kimə, nəyi və necə təqdim etməyin məsuliyyətini dərk etmək əsas şərtdir. Bir sözlə, gənclərin sosial medianın ideal həyat təsirinə düşməməsi üçün onların real həyatda öz ayaqları üzərində dayanmasına imkan verilməlidir. Həyatda qalmaq üçün mübarizənin reallığını dərk etmələri vacibdir. Bu anlayış yetkin yaşda deyil, artıq uşaqlıq dövründən formalaşdırılmalıdır. Valideynlər övladlarına çətinliklərin həyatın bir hissəsi olduğunu düzgün şəkildə aşılamalıdırlar.
Bu gün bir çox insan çətinliyi qəbul etmir və nəticədə yanlış addımlar atır. Bu addımların peşmançılığı isə sonradan çox ağır nəticələrə gətirib çıxara bilər. Hətta bəzi hallarda insanın öz həyatından imtina etmə nöqtəsinə qədər gedib çıxdığını da müşahidə edirik. Buna görə hər bir çətinliyi olduğu kimi qəbul etmək və onun keçici olduğuna inanmaq vacibdir. Bir problem yaşandıqda “hər şey bitdi” düşüncəsinə qapılmaq doğru deyil. Əksinə, çətinliklər insanın beyninin inkişaf etməsi və problem həll etmə bacarığının formalaşması üçün yaranır. İnsan yaşadığını dərk etmək üçün düşünməlidir, düşünmək üçün isə beynin aktiv işləməsi lazımdır. Beyin də çox vaxt stres altında daha yaxşı fəaliyyət göstərir. Bu stresi düzgün idarə etmək üçün psixoloqlara müraciət etmək, psixoterapiya almaq mümkündür. Eyni zamanda həyat kouçları və motivasiya sahəsində çalışan mütəxəssislərlə ünsiyyət də faydalı ola bilər.
Nəticə etibarilə, ideal həyat problemsiz həyat demək deyil. İdeal həyat problemi gördüyün anda onu həll edə biləcək potensiala sahib olmaqdır”.

Ləman Mahmudlu
