Sosial şəbəkələrdə təhlükəli oyunlar yayılır
Son günlər sosial şəbəkələrdə yeniyetmələr arasında müxtəlif təhlükəli oyunların və zərərli çağırışların yayılması barədə məlumatlar artıb. Belə oyunlar uşaqların psixoloji vəziyyətinə və təhlükəsizliyinə risk yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixopedaqoq, təlimçi Aygün Əliyeva bildirib ki, son günlər mediada rast gəldiyimiz bəzi ağır xəbərlər, xüsusilə də yeniyetmələrin təhlükəli addımlar atması, hamımızı dərin narahatlığa salır:
"Əslində, yeniyetməlik dövrü psixoloji və emosional baxımdan çox həssas bir mərhələdir. Bu dövrdə gənclər özlərini təsdiq etməyə, qəbul olunmağa və ifadə etməyə ehtiyac duyurlar. Əgər bu ehtiyaclar evdə, məktəbdə və ya dost çevrəsində qarşılanmırsa, onlar tək qalaraq oyunlara və sosial şəbəkələrə yönəlirlər. Bu platformalarda özlərini daha rahat ifadə etdiklərini düşünür və alternativ bir “dünyaya” sığınırlar.
Bu problemlərin qarşısını almaq üçün ilk növbədə məktəblərdə pedaqoqların, psixoloqların və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Yeniyetmələrin tək qalmamasını təmin etmək, onlarla empati qurmaq və sosial medianın təhlükələri barədə maarifləndirmə aparmaq vacibdir. Eyni zamanda, internetdən sağlam və təhlükəsiz istifadəyə dair dərslər, təlimlər təşkil olunmalıdır.İkinci sualınıza keçsək sosial şəbəkələrdə təhlükəli çağırışların qarşısının alınması üçün dövlət qurumları və platformalar arasında daha effektiv texniki və hüquqi mexanizmlər yaradılmalıdır. Məsələn, təhlükəli kontent və ya tətbiq aşkarlanarsa, onun ölkə daxilində istifadəsi dərhal məhdudlaşdırılmalıdır. Hazırda yaş məhdudiyyəti tələb edən tətbiqlər olsa da, onların real icrasını təmin edən sistemlər kifayət qədər effektiv deyil. Buna görə də valideyn nəzarəti daha da artırılmalı, bəzi tətbiqlərin istifadəsi yalnız valideyn razılığı ilə mümkün olmalıdır.
Təəssüf ki, bəzi sosial şəbəkələr, xüsusilə TikTok, yeniyetmələrə mənfi təsir göstərən kontentlərlə doludur. Bəzi ölkələrdə TikTok platforması faydalı, təhsil yönümlü kontenti önə çıxarır, zərərli və mənasız videoları isə filtrasiya edir. Amma bizdə əksər hallarda əyləncəli, bəzən də zərərli paylaşımlar daha çox populyarlıq qazanır. Cəmiyyətin diqqətini elmi, maarifləndirici kontentə yönəltmək üçün həm dövlət, həm də media platformaları üzərinə məsuliyyət düşür. Sonda onu demək istərdim ki, bu məsələdə həm valideynlərin, həm məktəblərin, həm də dövlətin üzərinə ciddi vəzifələr düşür. Yeniyetmələrə düzgün informasiya vermək, onların ehtiyaclarını anlamaq və texnologiyadan faydalı şəkildə istifadə etməyə yönəltmək üçün birlikdə çalışmalıyıq".
Mövzu ilə bağlı açıqlamasında valideyn Səma Mustafayeva bildirib ki, bir valideyn kimi uşağın internetdə riskli davranışlara meyillənməsini çox vaxt erkən siqnallardan hiss etmək olur:
"Ən çox diqqət çəkən əlamətlər uşağın birdən-birə gizliliyi artırması, telefon və ya planşeti daim gizlətməsi, ekranı çevirməsi, otağın qapısını bağlayıb uzun müddət onlayn qalmasıdır. Eyni zamanda sosial şəbəkələrdən sonra əhvalında qəfil əsəbilik, narahatlıq, özünə qapanma kimi dəyişikliklər görünürsə, bu da uşağın zərərli və ya təhlükəli kontentlə qarşılaşdığına işarə ola bilər. Yuxu rejiminin pozulması, gec saatlara qədər telefonda qalmaq, qəribə maraqların yaranması və izah olunmayan qorxu və stress də valideyn üçün xəbərdarlıq siqnallarıdır. Bu cür halları gördükdə valideynin ilk addımı uşağı qınamaq və həyəcan yaratmaq deyil, sakit və anlayışlı şəkildə onunla ünsiyyət qurmaq olmalıdır. Uşağa özünü təhlükəsiz hiss etdirərək “Sənə görə narahat oldum, istəyirsənsə danışa bilərik” kimi yumşaq yanaşma göstərmək, onu dinləmək, hisslərini başa düşməyə çalışmaq ən doğru yanaşmadır. Ardınca cihazlarda təhlükəsizlik ayarlarının yoxlanılması, lazım gələrsə məktəblə və müvafiq qurumlarla əlaqə saxlanması və uşağa emosional dəstək göstərilməsi vacibdir. Bu cür addımlar həm uşağın etibarını qoruyur, həm də onun təhlükəsizliyini təmin etməyə kömək edir".
Aişə Mustafayeva
