Sosial şəbəkələrdə yalan məlumat yayan 10-a yaxın mənbə müəyyən edilib
Azərbaycanın antitettor əməliyyatları keçirdiyi 24 saat ərzində o da məlum oldu ki, bu cür əməliyyatlar zamanı yayılan əsassız informasiyalar gedişata birbaşa təsir edir. Və bu hal birbaşa məsuliyyət yaradır.
Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır. Bu isə insanlar arasında təşvişə səbəb olur.
Ekspertlər deyirlər ki, hərbi məlumatların paylaşılması düşmənə yoldaşlıq etməyə bərabərdir. Həmçinin, yalan məlumatlar ciddi hüquqi məsuliyyətə səbəb ola bilər.
Hərbi ekspert Elxan Şıxəliyev məsələyə belə münasibət bildirib: “Təsdiq olunmamış əməliyyatlar bölgəsindən birbaşa silahlı qüvvələrimizin nümayəndələrinə aid olan hərəkətlərin, kolonların və yaxud şəhid olanların üzərindən və təsdiqini tapmayan sübutlar üzərindən rəqəmlər səsləndirilməsi yolverilməzdir. Cəmiyyətimizin bu duyğularından öz şəxsi məqsədləri üçün sui-istifadə etmək olmaz. Bu, əslinı qalsa, qanun qarşısında mülki məsuliyyət daşıma məsələsdir”.
DİN və Baş Prokurorluq Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə qeyri-ciddi xəbərlərə aldanmamağı tövsiyə edib. DİN-nin mətbuat xidmətinin rəisi Elşad Hacıyev əhaliyə belə çağırış edib: “Bu gün Azərbaycan cəmiyyətinin birmənalı şəkildə bu antiterror tədbirləri çərçivəsində üzərinə düşən əsas məsuliyyət, əsasən dezinformasiya xarakterli məlumatlardan qəti şəkildə çəkinməkdir. Çağırış edirik ki, bu hallara qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü diqqətli və məsuliyyətli olsun”.
Qeyd edək ki, DİN sosial şəbəkələrdə əsassız yalan informasiya yayan 10-a yaxın mənbəni müəyyən edib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
