SOSİAL ŞƏBƏKƏLƏRDƏ YALANÇI ELANLARA DİQQƏT
"Hörmətli dostlar, diqqətli olun! Bir həftədir bu elanı paylaşan şəxslə əlaqə qurmağa çalışıram. Vəziyyəti araşdırıb icbari tibbi sığorta əməliyyatı həyata keçirmək istəyirdik, çünki qeyd olunan əməliyyatın icrası icbari tibbi sığorta təminatına daxildir. Valideyn adı ilə çıxış edən şəxsin qeyd etdiyi mobil nömrəyə əvvəl zəng çatmadı, sonra mesaja cavab yazdı ki, səhv nömrədir. Qeyd olunan kart da başqa adamın adınadır. Postu bir neçə şəxs yenidən paylaşıb, şərhlərdə bəzi şəxslərin 10, 20, hətta 100 manat köçürdüyünü gördüm. Bir neçə postda məlumatın yanlış olduğunu bilirdik, vətəndaşlardan karta ödəniş edilməməsini xahiş etdik. Həmin postlar bir neçə dəqiqə sonra silindi. Hətta bir postda qeyd edilmişdi ki, İcbari Tibbi Sığorta Agentliyinə müraciət olunub, müraciət qəbul edilməyib. Tamamilə yanlış məlumatdır! Heç bir müraciət daxil olmayıb. Ümumiyyətlə, bu adda uşaqla heç bir tibb müəssisəsinə müraciət edilməyib".
Bu tip elanlarla artıq sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Vətəndaşlar bu tip fırıldaqçıları özləri ifşa etməyə çalışır. Səbəb isə yardım elanlarının kütləvi hal almasıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vətəndaşları gördüyü hər bir elana inanıb, tələsərək yardım etməməyə çağırır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən İnformator.az-a veilən açıqlamada deyilir ki, qurum informasiya portallarında/sosial platformalarda tibbi xidmətlərlə bağlı müraciət edən və kömək istəyən şəxsləri daima diqqətdə saxlayır. “Belə hala rast gəldikdə qeyd olunan nömrə ilə əlaqə saxlanılır və onun ehtiyacı olduğu tibbi xidmət barədə məlumat əldə edilir. Tibbi xidmət Xidmətlər Zərfi ilə təminata alınıbsa, vətəndaş müvafiq tibb müəssisəsinə yönləndirilir və tibbi xidmətin əlçatanlığının əldə edilməsi üçün tədbirlər görülür".
O ki qaldı bu kimi hallarla mübarizə tədbirlərinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bu məsələnin onların səlahiyyətində olmadığını deyirlər. “Gəlir əldə etmək məqsədilə saxta məlumatların paylaşılması hüquq pozuntusu sayılır bu məsələ də hüquq mühafizə orqanlarının səlahiyyətinə daxildir”.
ÇİNARƏ MURADOVA
