Sosial şəbəkələrdın düzgün istifadə et, pul qazan
Fərdi şəxslərlə yanaşı şirkətlər və biznes qrumları da sosial şəbəkə hesabları yaradırlar. Məqsəd, məhsullarını reklam etmək və daha çox gəlir əldə etməkdir. Beləliklə, sosial şəbəkələrdən düzgün istifadə həm də bu platformaları qazanc mənbəyinə çevirir.
Bloger olmağı arzulayanlar hesab açdıqları sosial şəbəkəyə uyğun konten formalaşdıraraq izləyicilərin tələblərinə uyğun videolar hazırlayır. Vacib məqamlardan biri də istiqamətin müəyyənləşdirilməsidir. Bloger bir sahə üzrə ixtisaslaşarsa, izləyici toplmaq da bir o qədər asanlaşar.
Vüsal Məmmədzadə əvvəl jurnalist kimi işləsə də, təhsili ilə bağlı olaraq fəaliyyətini dayandırıb. Bundan sonra sevdiyi işdən uzaqlaşmamaq üçün yutubda kanal açmaq qərarına gəlib. İlk vaxtlar hazırladığı videolara yalnız dost-tanışların baxacağını düşünüb. Lakin qısa müddətdə izləyici sayı artıb. Bundan sonra o kanalının istiqamətini müəyyənləşdirib. İndi Vüsal tarixi, siyasi videolar hazırlayır, Cənubi Qafqazdakı o cümlədən Azərbaycan – Ermənistan münasibətlərini təhlil edir. Artıq kanalın 136 min izləyicisi var. Bloger deyir ki, ilk vaxtlar məqəsədi qazanc əldə etmək olmasa da vaxt keçdikcə işinə daha məsuliyyətlə yanaşmağa başlayıb.
Vüsal Məmmədzadə deyir ki, müasir dövrdə həyatı sosial şəbəkələr olmadan təsəvvür etmək mümkün deyil. İnsanlar bəzən gündəlik həyatlarında baş verən yenilikləri və xoş günləri real həyatdakı tanışları ilə yanaşı həm də müxtəlif platformalarda olan dostları ilə də paylaşırlar. Əksəriyyət bir dəfə də olsa sosial şəbəkələrdən pul qazanmaq fikrinə düşür. Bunun üçün internet əlverişli təkliflər verir. Son dönəmlərdə tik-tok pul qazanmaq istəyənləri daha çox özünə çəksə də, yutub öz mövqeyini qorumağa davam edir. Buna səbəb istifadəçilərin tələblərindəki fərqlilikdir. Yutubda bir qədər ciddi kontentə tələb varsa, tik-tokda əksinə qısa və tez həzm olunan paylaşımlara daha çox baxış gəlir.
QASIM
