Sosioloq : “Kirayə mənzillərin baha olması tələbələrin gündəlik həyatına birbaşa təsir göstərir”
Tələbələrin kirayə mənzil axtarışı zamanı qarşılaşdıqları əsas çətinliklər arasında yüksək kirayə qiymətləri, depozit və kommunal xərclər, universitetlərə yaxın ərazilərdə münasib mənzil tapmaq problemi və təhlükəsizlik məsələləri xüsusi yer tutur. Xüsusilə, başqa şəhərlərdən təhsil almaq üçün gələn tələbələr üçün mənzil xərcləri ailə büdcəsinə əlavə yük yaradır.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda kirayə bazarının formalaşması ilə bağlı ciddi araşdırmalara və müəyyən addımların atılmasına ehtiyac var:
“Vacib məqam müəyyən tədbirlərin görülməsi və vəziyyətin ciddi şəkildə tədqiq edilməsidir. Həm kirayə mənzilə ehtiyacı olanlar, həm də kirayə verən şəxslər burada kirayə qiymətlərini, depozitləri və digər ödənişləri nəzərə almalıdırlar. Xüsusilə, təhsil müəssisələrinin yaxınlığında yerləşən mənzillərin qiymətlərinin artması təsadüfi deyil. İnsanlar bunu ona görə edirlər ki, onların kirayə verdiyi mənzil və ya həyət evi təhsil müəssisəsinə yaxındırsa, tələbələr üçün əlçatan olur. Beləliklə, həmin mənzillərin qiymətinin baha olması tələbələrin cibindən çıxan vəsait hesabına kompensasiya edilir. Bu isə tələbələr üçün ciddi maliyyə yükünə və gərginliyə səbəb olur. Regionlarda fəaliyyət göstərən universitetlər də tələbələrin yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində daha əlverişli şərait yarada bilər. Kirayə imkanlarının artırılması yalnız mənzil bazarından deyil, tələbələrin sosial vəziyyətindən də asılıdır. Çünki təhsil alanların əhəmiyyətli hissəsi təkcə şəhər sakinləri deyil. Onlar müxtəlif bölgələrdən gəlirlər”.
Onun sözlərinə görə, kirayə mənzillərin qiymətlərinin yüksək olması tələbələrin həm maddi vəziyyətinə, həm də təhsil prosesinə təsir edir:
“Kirayə mənzillərin yüksək olması tələbələrin gündəlik təhsil həyatına, sosial davranışına, maddi rifahına, şəxsiyyətinə, gələcəyinə və inkişafına birbaşa təsir göstərir. Bu mənada qiymətlərin yüksək olması məsələsinə yalnız bazar münasibətləri kimi deyil, sosial məsələ kimi də yanaşmaq lazımdır. Dövlət bu məsələni düşündüyü zaman sosial təhsil müdafiəsi imkanlarını da nəzərə almalıdır. Sosial əhəmiyyətli müdafiənin əsas hədəflərindən biri kirayə bazarında müəyyən tənzimləmə yaratmaq və tələbələrin gələcəkdə daha əlverişli imkanlarda yaşamasını təmin etmək olmalıdır. Bəzi dövlət müəssisələrinin yataqxanaları var. Həmin yataqxanaların böyük hissəsi boş qalır. Bu yataqxanaların tələbələr üçün istifadəyə verilməsi və ya yeni yataqxanaların yaradılması kirayə bazarındakı təzyiqi əhəmiyyətli dərəcədə azalda bilər”.
Naib Niftəliyev sonda qeyd edib ki, tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması elm və təhsilin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Fatimə Hüseynli