00:00:00
Yazar
Admin User
30.10.2023 17:29 697 4 dəq oxuma
Sosial

Şotlandiyada təhsil mənə böyük şəbəkələşmə imkanı qazandırdı-Ətir Quliyeva

Şotlandiyada təhsil mənə böyük şəbəkələşmə imkanı qazandırdı-Ətir Quliyeva

"İnformator.az" saytının "Xaricdə təhsil alan tələbələr" rublikasının növbəti müsahibi Ətir Quliyevadır.
Ətir Quliyeva kimdir?


Mən Ətir Quliyeva 23 yaşım var. Bakı şəhərində anadan olmuşam. İlqar İbrahimov adına 167 saylı məktəbdə orta təhsilimə başlamış, Sabirabad rayonu, Qalaqayın kəndində Əli Qurbanov adlı 1 saylı tam orta məktəbdən məzun olmuşam. 2017-ci ildə Xəzər universiteti ingilis dili müəllimliyi (bakalavr ) ixtisasına qəbul oldum. Daha sonra isə Böyük Britaniyanın "Qlazqo" universitetində "Dayanıqlı Gələcək Üçün Təhsil" ixtisasının magistr pilləsini bitirmişəm. Qlazqo şəhəri Şotlandiyanın ən böyük və eləcə də tələbə şəhəridir. Şəhər Clyde çayının sahilində yerləşib, liman şəhəri olaraq tanınır. Əhalisi yarım milyonun üzərindədir və şəhər bir çox miqrantlara ev sahibliyi edir. İqlimi soyuq, lakin əhalisi isti xarakterə malik insanlardır. Şotlandlar olduqca köməksevər ve xeyirxahdırlar. Yaşadığım müddət boyunca onlar tərəfindən mənfi münasibət görməmişəm.


Niyə Şotlandiyada təhsil almağı seçdiniz?


Şotlandiyada təhsil seçimim bu ölkəyə, xüsusilə, Edinburqa olan marağımdan qaynaqlanıb. Bundan başqa Qlazqo universitetinin korpusu nağıllar diyarını xatırladır, çox qədim və gözəldir. Digər bir səbəb isə universitetlərə müraciət tarixinin ən son Britaniyada bitməsidir. Əksər universitetlərə müraciət müddəti yanvar, fevral aylarında bitsə də, Böyük Britaniya üçün bu tarix iyun, iyul aylarına qədər uzana bilir. Təhsilim üçün 2022-2026 dövlət proqramına müraciət etdim. Proqram potensiallı gənclərin xaricdə təhsil almasını nəzərdə tutaraq ölkədə məşğulluq səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Təhsili başa vurduqdan sonra Azərbaycana qayıdıb 5 il müddətində əmək fəaliyyətilə məşğul olmaq lazımdır. Proqrama qəbul 2 hissədən ibarətdir: Müraciət formu və müsahibə. Hər iki mərhələdən uğurla keçən namizəd seçmiş olduğu TOP 500 universitetlərin birində təhsil almaq hüququ qazanır.


Şotlandiyada təhsil almaq sizə nələri qazandırdı?

 

Şotlandiyada təhsil ilk növbətə mənə böyük şəbəkələşmə imkanı qazandırdı. 1 il boyunca onlarla ölkədən, müxtəlif millətlərdən yeni insanlar tanıyıb, ən müxtəlif mövzularda fikir mübadiləsi edərək dünyagörüşümü artırmış oldum. Bundan başqa təhsil sahəsində bir çox mövzu; təhsildə sosial problemlər, inklüzivlik, dayanıqlı təhsilin təmin edilməsi üçün şərtlər və s. kimi məsələlərdə bilik topladım. Eləcə də öncədən minimum olan tədqiqat bacarıqlarımı inkişaf etdirib elmi iş hazırladım. Bundan başqa, Britaniyada iş təcrübəsi qazanmaq imkanım da oldu. Qlazqo Elm Mərkəzində 7 ay boyunca həssas qruplarla işləyərək, onların cəmiyyətə inteqrasiyasını təmin edib dayanıqlı inkişaf məqsədlərinə töhfə vermiş oldum.


Gələcək planlarınız nələrdir?

 

Hazırda ölkəyə qayıtmışam və karyera hədəflərimi təlim/təhsil mövzusunda inkişaf etdirməyi planlaşdırıram. BMT, UNİCEF, BMİP kimi beynəlxalq təşkilatlarda iş təcrübəsi qazanmaq və təhsilin əlçatanlılığının təmin edilməsində rol oynamaq mənim üçün əvəzsiz iş imkanı ola bilər.

 

Şotlandiyada sizi ən çox cəlb edən nə oldu?


Şotlandiyada mənə ən maraqlı, eyni zamanda qəribə gələn insanların çox səsli olmasıdır. Küçədə, ictimai nəqliyyatda, restoranlarda insanlar həddən artıq yüksək səslə danışır və gülürlər. Bu orada çox normal haldır və belə olduğu təqdirdə heç kəs sizə qəribə münasibət göstərmir. Əvvəl buna öyrəşmək çətin olsa da, vaxt keçdikcə adi hal aldı. Sevdiyim məqam isə bu oldu ki, uşaqların fəaliyyətini təmin etmək məqsədiylə muzeylər, restoranlarda, tarixi abidələrdə, kitabxanalarda onlar üçün mütləq rəngarəng bir bölmə ayrılır. Burda uşaqlar sərbəst şəkildə öz maraqlarına uyğun oyunlar oynayıb, əylənirlər.


Təhsil aldığınız ölkədə daha çox hansı problemlərlə qarşılaşırsınız?

 

Mənfi hallara gəldikdə, BK tətilləri ilə məşhurdur. Ölkənin demək olar ki, bütün sektorlarında işçilər tətillər təşkil edir, eləcə də universitetdə. Bir çox hallarda həmin tarixə təsadüf edən dərslər ya təxirə salınır, ya da ləğv olunur. Bundan başqa, magistr proqramlarının əksəriyyəti 1 il olduğuna görə, artıq universitet təcrübə keçmək yox, elmi iş tələb edir. Buna görə də məsləhət görərdim ki, universitetin öz saytında yerləşdirilən və ya universitet xarici təcrübə proqramlarına da müraciət edəsiniz. Ölkənin öz mənfi cəhətlərinə gəlsək, ilk öncə yol-infrastruktur və nəqliyyat deyərdim. Yollar yaxşı vəziyyətdə deyil, çox tez aşınır. Buna görə yağış və s. sonrası iri gölməçələr yaranır. Hər yer il boyu təmirdə olur. Avtobus üçün gediş haqqı isə məncə çox bahadır. Birbaşa gediş haqqı 2.85 eurodur. Ümumiyyətlə, BK tələbə dostu olduğunu düşünmürəm. Bir çox hallarda tələbələr və digər kəsim insanlar üçün qiymət eynilik təşkil edir, bəzi biletlər və mağazalar istisna olmaqla.


Şotlandiyada təhsil almaq istəyənlərə tövsiyələriniz nələrdir?

 

Gələcəkdə Şotlandiyada təhsil almağı düşünənlərə məsləhət görərdim ki, ixtisaslarını yaxşı araşdırıb seçim etsinlər. Çünki bəzən ixtisasın sillabusunda keçilən fənnlər sizin üçün lazımlı olmaya bilər. Digər məsləhətim isə müraciətçilərin yazı bacarıqlarını təkminlləşdirilməsi olacaq. Tapşırıqların əksəriyyəti (mənim ixtisasımda belə idi) yazılı olduğu üçün akademik yazı bacarıqlarını yaxşılaşdırmağı çox faydalı olacaq. Sonda isə maadiyyatınız imkan verdiyi müddətcə bol-bol səhayətlər edib, yeni yerlər kəşf edin.
Hərkəsə bu əziyyətli və bir o qədər də əyləncəli yolda uğurlar arzulayıram!


Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər