Soyuq silah: qanun nə deyir?
Soyuq silahlar həm təhlükəsizlik, həm də hüquqi baxımdan müzakirə olunan mövzulardan biridir. Gündəlik həyatda istifadə olunan bəzi alətlərin hansı hallarda soyuq silah hesab edilməsi, onların daşınması və saxlanması ilə bağlı hüquqi qaydalar hər kəsə tam aydın olmur. Mütəxəssislər bildirirlər ki, bu sahədə maarifləndirmənin artırılması həm hüquq pozuntularının qarşısının alınması, həm də vətəndaşların qanuni məsuliyyət barədə məlumatlı olması baxımından vacibdir. Mövzu həm şəxsi təhlükəsizlik, həm də ictimai asayiş aspektindən aktuallığını qoruyur.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bir əşyanın soyuq silah olub-olmaması onun hazırlanma üsulundan və konkret texniki parametrlərindən asılıdır:
"Azərbaycan Respublikasının qanunvericiliyinə görə, soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə insanın fiziki qüvvəsi vasitəsilə hədəfi zədələmək təyinatına malik olan əşyadır. Bura xəncərlər, qılınclar, fionlar, odlu silah olmayan digər kəsici, deşici və sındırıcı alətlər daxildir. Gündəlik həyatda istifadə olunan mətbəx bıçaqları və ya təsərrüfat alətləri xüsusi ekspertiza tərəfindən soyuq silah kimi tanınmadıqca bu kateqoriyaya aid edilmir. Bir əşyanın soyuq silah olub-olmaması onun hazırlanma üsulundan və konkret texniki parametrlərindən asılıdır. Belə silahların qanunsuz əldə edilməsi, satılması və ya gəzdirilməsi hüquqi məsuliyyət yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, xidməti və ya mülki silahı, habelə soyuq silahı qanunsuz olaraq gəzdirməyə görə cərimə, ictimai işlər və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər şəxs bu növ əşyaları könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verərsə, qanunvericilik onu cinayət məsuliyyətindən azad edir. Mövcud hüquqi mexanizmlər və cəza tədbirləri ictimai asayişin qorunması və qanun pozuntularının qarşısının alınması üçün müəyyən baza yaradır".
