Əşrəf Hakimi Afrikanın ən yaxşı futbolçusu seçilib
Afrikada ilin ən yaxşı futbolçusu açıqlanıb. Mükafatın sahibi PSJ-nin müdafiəçisi, mərakeşli Əşrəf Hakimi olub. O, ötən mövsüm klubla birlikdə Çempionlar Liqası daxil olmaqla 5 titul qazanıb. Hakimi bu ada görə Mohammed Salah və Viktor Osimhen kimi rəqiblərini qabaqlayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimov bildirib ki, Əşrəf Hakiminin Afrikanın ən yaxşı futbolçusu seçilməsində onun “PSJ”də mövsüm boyu yaxşı oynaması ən böyük faktordur:
“Əşrəf Hakiminin 5 titul qazanması və müdafiəçi olmasına baxmayaraq hücumda yaratdığı böyük təsir onun ən yaxşı seçilməsində əsas rol oynayıb. Hakiminin Salah və Osimhen kimi ulduzları geridə qoyması Afrika futbolunda yeni tendensiyanın yalnız hücumçuların deyil, müxtəlif mövqelərdə oynayan universal futbolçuların da yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu mükafat Əşrəf Hakiminin “PSJ”də liderlik rolunu daha da gücləndirəcək, Mərakeş millisində isə onu komandanın əsas siması və motivasiya mənbəyi kimi ön plana çıxaracaq”.
Nazim Xeyrxəbərli
