Səslərin gücü: Emosiyalar və səs dizaynı
Səs sadəcə eşitdiyimiz bir fenomen deyil-o, emosiyalarımızı formalaşdıran, hisslərimizi gücləndirən və davranışlarımızı təsir edən güclü vasitədir. Musiqi, ambiyans səsi, film və oyun səsləri, eləcə də gündəlik həyatımızdakı səs mühiti beynimizin psixoloji reaksiyalarını dəyişdirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Oqtayqızı bildirib ki, öncə səs və onun insan həyatındakı rolu haqqında məlumat vermək istəyirəm:
“Ətrafımızda qulağımızla eşidə bildiyimiz, duyduğumuz dalğalar “səs” adlanır. Səs, təbiətin və həyatın ayrılmaz bir hissəsidir. Hər bir səs müəyyən bir mənbədən yaranır və hava dalğaları vasitəsilə qulağımıza çataraq eşitmə duyğumuzu hərəkətə gətirir. Səslər əsasən iki qrupa bölünür: musiqi səsləri və qeyri-musiqi səsləri. Qeyri-musiqi səsləri gündəlik həyatda eşitdiyimiz müxtəlif təbii və süni səslərdir-məsələn, küləyin vıyıltısı, dalğaların səsi və ya suyun şırıltısı, avtomobil səsləri və ya quşların cəh-cəhi. Bu səslər melodik olmasa da, insanın əhvalına və hisslərinə müəyyən təsir göstərə bilir. Musiqi səsləri isə müəyyən ritm, harmoniya və melodiya ilə qurulan, estetik dəyər daşıyan səslərdir. Bu səsləri biz həm insan səsi ilə-yəni oxuyaraq, həm də müxtəlif musiqi alətlərində ifa etməklə yarada bilərik. Musiqi səsləri insanın daxili dünyasına, emosional vəziyyətinə, düşüncələrinə və psixoloji halına güclü təsir göstərir. Məsələn, sakit və melodik musiqi rahatlıq və harmoniya hissi yaradır, dinamik və ritmik melodiyalar isə enerji və ruh yüksəkliyi verir. Tarixə nəzər salsaq, görərik ki, ilk filmlər ağ-qara və səssiz olmuşdur. Lakin o dövrdə belə filmlər canlı musiqi ilə müşayiət edilirdi. Piano və ya orkestr ifaçıları səhnələrin gedişinə uyğun musiqi səsləndirərək tamaşaçılarda gərginlik, sevinc, kədər və ya həyəcan kimi hisslər oyadırdılar. Beləliklə, danışıq və söz olmasa da, musiqi hadisələrin mahiyyətini, obrazların hisslərini və ümumi atmosferi tamaşaçıya çatdırmağa qadir idi. Musiqi və səs bu gün də insan həyatının hər sahəsində mühüm rol oynayır-kino, teatr, oyunlar, reklamlar və gündəlik həyatımız səsin təsir gücü olmadan təsəvvür edilə bilməz. Çünki səs-sadəcə eşitdiyimiz bir dalğa deyil, emosiyaların, hissin və mənanın ifadə vasitəsidir”.
Müsahibimiz həmçinim bildirib ki, film və oyunlarda səs dizaynı tamaşaçının və ya oyunçunun emosional vəziyyətinə birbaşa təsir göstərir:
“Məsələn, gərgin səhnələrdə istifadə olunan kəskin və yüksək tonlu səslər həyəcan və qorxu hissi yaradır, sakit və yumşaq səslər isə rahatlıq və sakitlik hissi verir. Qeyd etdiyim kimi, hətta danışıq olmasa belə, musiqi və səs effektləri hadisələrin emosional mənasını ifadə edir və izləyicini həmin atmosferə daxil edir. Ambiyans və fon səsləri insanın psixoloji rahatlığı və emosional tarazlığı üçün çox önəmli faktordur. Təbiət səsləri, quşların cəh-cəhi, dəniz dalğalarının səsi və ya sadəcə sakit musiqi stressi azaldır, insanı sakitləşdirir. Eyni zamanda səs-küylü mühit insanın əsəblərinə, diqqətinə və ümumi əhvalına mənfi təsir göstərə bilər. Gündəlik həyatımızda buna tez-tez rast gəlirik. Buna görə də səslər həm fiziki, həm də mənəvi vəziyyətimizə təsir edən mühüm faktordur. Səs dizaynı müxtəlif tonlar, ritmlər və tembrlər vasitəsilə fərqli emosiyalar yaradır. Məsələn, minor tonallığına əsaslanan əsərlər kədər, düşüncəlilik hissi doğurur, major tonallıqlı melodiyalar isə sevinc və nikbinlik oyadır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental kitabında Azərbaycan lad-məqam sistemində hər məqamın özünəxas emosional xarakteri təcəssüm etdiyini qeydə almışdır. Bu elmə əsaslanaraq bəstəkarlar öz əsərlərinin təsir gücünü artırır, obrazların dərin qatlarını açmaq üçün uyğun məqamları istifadə edirlər.
Bundan əlavə həmçinin ritmin sürəti, səsin gücü və tembri insanın emosional reaksiyasını dəyişir. Buna görə də səs dizaynı insanların daxili dünyasına təsir edən ən güclü bədii vasitələrdən biridir.
Beləliklə, səs mühiti insanın emosional balansı, sağlamlığı və ümumi həyat keyfiyyəti üçün çox mühüm amildir”.
Banuçiçək Məmmədova
