00:00:00
Yazar
Admin User
22.12.2025 15:30 168 4 dəq oxuma
Sosial

Səssiz tənha: Ailədə görünməyən yaşlı nəsil

Səssiz tənha: Ailədə görünməyən yaşlı nəsil

 

Müasir ailələrdə yaşlı nəsil bəzən gündəlik həyatda “görünməz” olur. Evdə olsalar da, onların istəkləri, ehtiyacları və emosional vəziyyəti ailə üzvləri tərəfindən diqqətə alınmaya bilər. Bu yaşlılar üçün tənha olmaq yalnız fiziki təcrid deyil, həm də sosial və emosional boşluq deməkdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, müasir ailələrdə yaşlıların “görünməz” olması sosial və struktur səbəblər ilə izah oluna bilər:

 

“Belə ki, ən başda dayanan səbəblərdən biri ailə modelinin dəyişməsidir, yəni geniş ailədən kiçik ailə modelinə keçiddir (ata-ana-övlad forması). Yaşlı nəsil ailədaxili proseslərdən kənarda qalır, eyni evdə yaşamaq ənənəsi get-gedə zəifləyir, yaşlıların gündəlik qərarlara təsiri azalır. Əgər sıralama etsək, şəhərə axın(urbanizasiya) və miqrasiya məsələsi də əsas səbəblərdən hesab oluna bilər. Təbii ki, gənc nəslin təhsil və iş üçün digər şəhər və ya ölkələrə köçməsi yaşlıların tək qalmasına ciddi təsir edir, ailə əlaqələri zəifləmiş olur. Əlbəttə ki, coğrafi məsafələr ailə üzvləri arasında emosional və sosial uzaqlaşma şəraitini yaradır. Keçmişdə valideynlər ailənin iqtisadi dayağı idi, indi isə gənclər maliyyə baxımından daha müstəqil olduqlarından iqtisadi baxımından rollar dəyişir. Rolların dəyişməsi yaşlı nəslin ailə içində “lazımlı resurs” kimi görünməsinə mane olur, bu da onların qərarverici mövqeyini zəiflədir. Yeni nəsil texnologiya və informasiyanı mənimsəmək baxımından daha aktiv olduqlarına görə nəsillər arasındakı fərq daha da dərinləşir. Yaşlı insanlar ailədə məlumat mənbəyi olmaqdan çıxır, çünki informasiya indi “internet”dən gəlir”.

 

Müsahibimiz onu da vurğulayıb ki, gənclərin iş, karyera və şəxsi həyat balansı artdıqca və sürətləndikcə, yaşlılara vaxt ayırmaq məsələsi çətinləşir:

 

“Bu da zaman çatışmazlığı baxımından yaşlılarla ünsiyyəti azaldır, onları sosial olaraq “görünməz” edir, "yaşlılar dəyişiklikdən baş çıxarmır”, “müasir düşüncəyə uyğun deyillər” kimi yanaşmalar ortaya çıxır. Əlbəttə ki, ailə içində söz haqqının olmaması" qərar vermək" prosesindən uzaqlaşdırılma görünməzliyə gətirir. Yaşlı nəsilin ailədəki rolu və statusunun zamanla dəyişməsini keçmişlə müqayisə etsək, keçmişdə patriarxal ailə struktururol oynayırdı, belə ki, ailə başçısı rolunda ata və ya baba idi. Əvvəllər əgər yaşlılar ailənin bilgi daşıyıcısı, “ağsaqqalı”, ənənələrin qoruyucusu, qərar verəni, konfliktləri idarə edəni, ailə iqtisadiyyatını yönləndirəni idisə, demək, ailə və cəmiyyət də onlara hörmət normativ kimi baxırdılar. Lakin sənayeləşmə və modernləşmə yaşlıların rolunun xəi zəifləməsinə gətirib çıxardı. Hətta belə əmək bazarında gənclərin ön plana çıxması, təhsilli və müstəqil gənclərin artması yaşlı nəslin güc mərkəzi statusunu itirdi. Hazırda yaşlıların ailədəki rolu daha çox emosional və simvolik-nəsil bağlarının qorunması, mədəni-mənəvi dəyərlərin ötürülməsi, nəvələrə qayğı kimi xarakteri daşıyır. Son vaxtlarda bəzi müsbət tendensiyalar da hiss olunur, belə ki, nəvələrin baxımında iştirakın artması, ailədaxili emosional yükün bölünməsi, yaşlıların sosial aktivliyinin artması (klublar, kurslar, rəqəmsal savadlılıq) kimi hallar. Bu isə yaşlıların tam “görünməz” olmadığını, sadəcə funksional rol dəyişimi yaşandığını göstərir”.

 

Mövzu ilə bağlı “İnformator.az” psixoloq Nizami Orucovun da fikirlərini öyrənib:


“Onlar gənclər kimi şikayət edib, narahatlığını açıq demirlər. Amma davranışlarında böyük dəyişikliklər olur. Məsələn, əvvəllər danışan, ailə ilə ünsiyyətdə olan insan birdən susqunlaşır, özünə çəkilir. İstək itməsi, həyatdan zövq almamaq, yuxu pozuntuları, iştahın azalması və ya tam əksinə-həddindən artıq yemək də depressiyanın göstəricisidir. Bəziləri “mən artıq yükəm” düşüncəsi ilə ailədən uzaqlaşmağa başlayır. Çox zaman isə yaşlı insanlar öz emosiyalarını çox zaman “qocalıqdır keçər” deyə gizlədirlər, amma içəridə dərin bir tənhalıq yaşayırlar. Digər tərəfdən, ailədə heç kimlə danışa bilmədikdə somatik şikayətlər artır: baş ağrısı, təzyiq qalxması, ürək döyüntüləri, halsızlıq və sair. Bunlar həm emosional boşluğun, həm də uzunmüddətli stresin bədənə vurduğu izlərdir. Yaşlı insanlar illərlə ailəni daşıyan, qərarlar verən, müdrikliyi ilə yol göstərən nəsildir. Birdən onların fikri dinlənməyəndə, sözləri ciddi qəbul edilməyəndə “mən artıq lazım deyiləm” hissi yaranır. Bu hiss özünəinamın enməsi ilə nəticələnir. Özünüqiymətləndirmə zəifləyir, insan əvvəlki rolunu itirdiyini düşünür. Əslində, yaşlıların ruhunu qıran konkret bir hadisə deyil, hər gün kiçik-kiçik diqqətsizliklərdir: onların danışdığı hekayəni dinləməmək; sözlərini kəsmək; evdə qərar veriləndə fikirlərini soruşmamaq; “siz anlamazsınız” kimi ifadələr işlətmək

Bu davranışların hər biri tədricən “mən görünmürəm”, “mənim dəyərim yoxdur” kimi hissləri gücləndirir. Yaşlı nəsil üçün ən böyük ehtiyac məhz görülmək, dəyər verilmək və hörmət hissini qorumaqdır. Ailə bunu təmin etdikdə həm özünəinam, həm də emosional sabitlik bərpa olunur”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər