00:00:00
Yazar
Admin User
09.02.2026 09:03 55 2 dəq oxuma
Siyasət

START dalanı

START dalanı

Rusiya və ABŞ arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan START müqaviləsinin uzadılması ilə bağlı razılığın əldə olunmaması beynəlxalq təhlükəsizlik arxitekturasında ciddi boşluq yaradıb. Bu vəziyyət yeni silahlanma yarışının başlanması riskini artırmaqla yanaşı, qlobal güc balansına da birbaşa təsir göstərir. Mövcud şəraitdə diqqət Ukrayna müharibəsinə yönəlir: böyük güclərin nüvə gündəliyinə fokuslanması Kiyev üçün müəyyən taktiki manevr imkanları yarada bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib ki, START mexanizminin faktiki iflic vəziyyətə düşməsi beynəlxalq təhlükəsizlik sistemində ciddi institusional boşluq yaradır:

 

“Çünki bu sənəd təkcə silah sayını məhdudlaşdırmır, həm də qarşılıqlı yoxlama, şəffaflıq və etimad mexanizmlərini qoruyur. Bu çərçivə olmadan strateji qeyri-müəyyənlik artır və tərəflər bir-birinin real hərbi potensialı barədə daha az məlumatlı olur. Nəticədə, yanlış hesablamalar riski yüksəlir və bu da qlobal sabitlik üçün təhlükəli tendensiyadır. Hazırkı mərhələdə Rəsmi Vaşinqton və Rusiyanın kompromisə getməməsinin əsas səbəbi geosiyasi qarşıdurmanın dərinləşməsidir deyə düşünürəm. Ukrayna müharibəsi fonunda tərəflər bir-birini etibarlı tərəfdaş kimi görmür. Rusiya hesab edir ki, Qərbin sanksiya və hərbi dəstəyi fonunda güzəşt etmək zəiflik kimi qəbul oluna bilər. ABŞ isə Ukraynada davam edən müharibə şəraitində Moskva ilə strateji əməkdaşlığı siyasi baxımdan əsaslandıra bilmir. Beləliklə, nüvə gündəliyi faktiki olaraq Ukrayna münaqişəsinin kölgəsində qalır. Bunun Ukrayna müharibəsinə təsirinə gəldikdə isə, maraqlı bir paradoks yaranır. Böyük güclər arasında nüvə balansının qeyri-müəyyənləşməsi diqqəti strateji səviyyəyə çəkə və müəyyən mərhələdə Ukrayna cəbhəsində taktiki dəyişiklikər yarada bilər. Lakin digər tərəfdən, artan qarşıdurma fonunda Rusiya öz təhlükəsizlik strategiyasını daha aqressiv formada qurmağa çalışa bilər. Bu da müharibənin uzanmasına səbəb olur. Yəni bu boşluq həm fürsət, həm də risk daşıyır. İldə milyardlarla dollar tələb edən yeni silahlanma mərhələsi də daxili ictimai rəyə də təsirsiz ötüşməyə bilər. ABŞ-də və Avropada seçicilər sosial xərclərlə hərbi büdcə arasında balans məsələsini daha çox gündəmə gətirə bilər. Rusiyada isə iqtisadi təzyiqlər fonunda hərbi prioritetlərin artırılması sosial narazılıq riskini yüksəldə bilər. Bu isə tərəfləri ya daha sərt mövqe tutmağa, ya da gec-tez danışıqlar masasına qayıtmağa məcbur edir.
Bu razılaşmanın pozulması qlobal təhlükəsizlik sistemində yeni mərhələnin başlanğıcı olması ehtimalı var və bu halda Ukrayna müharibənin gedişinə dolayısı ilə təsir göstərmək potensialına malikdir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər