Stress, kurslar və yuxusuz gecələr
Abituriyentlər hazırlıq və imtahan yükü ilə üzləşir, dərs və əlavə məşğələləri paralel idarə etməkdə çətinlik çəkirlər. Onlar mövzuları planlı oxuyur, test və yazılılarla biliklərini möhkəmləndirir, streslə mübarizə üçün fasilələr və gəzintilərdən istifadə edirlər. Təhsil sistemində isə dərslik, kurikulum və müəllim hazırlığı arasında uyğunluq olmadığından, tələbələrin üzərində əlavə yük yaranır.
Mövzu ilə bağlı “Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, təhsildə ciddi problemlər mövcuddur:
“Hazırda ən böyük problem sistemin nəticəyə yönəlməməsidir. Şagirdin real bilik və bacarıqları məktəbin, kurikulumun və imtahan sisteminin hədəfləri ilə uyğun gəlmir. Bu uyğunsuzluq abituriyentlərin yükündə, müəllim fəaliyyətində və məktəbdən ali məktəbə keçiddə özünü göstərir. Problemin kökü sistemin parçalanmış işləməsidir, məktəb, kurikulum və imtahan arasında uyğunluq yoxdur. Kurikulum kompetensiyalara əsaslansa da, dərsliklər çox vaxt nəzəriyyə ilə yüklüdür və qiymətləndirmə sistemi hələ də əzbərləməyə söykənir.İnkişaf etmiş ölkələrdə mentorluq və davamlı qiymətləndirmə kimi mexanizmlər mövcuddur, bizdə isə pedaqoji hazırlıq zəifdir və gənc müəllimlərin adaptasiya sistemi yoxdur. Məktəblərin ehtiyacları ilə müəllimlərin ixtisasları uyğun gəlmədiyindən həm müəllim yüklənir, həm də şagirdlər əlavə hazırlığa üz tutur.Təhsildə ən vacib məsələ cavabdehlikdir. Hazırda məktəb rəhbərlərinin səlahiyyəti və nəticələrə görə məsuliyyəti azdır. Analitik idarəetmə sistemi olmadığı üçün problemlər vaxtında görünmür. Şəhər və kənd məktəbləri arasındakı fərqlər də tələbənin yükünü artırır. Qəbul sistemi isə bu yükə əlavə yük əlavə edir. Dövlət imtahanları əsasən testlərə söykənir, halbuki beynəlxalq təcrübədə layihələr və yazılı işlər də nəzərə alınır. Bu səbəbdən şagird məktəbə yox, imtahana hazırlaşır və üçqat yük, məktəb proqramı, imtahan hazırlığı və əlavə kurslar, üzərində qalır. İmtahanlar şagirdin real bacarıqlarını tam ölçmür. DİM testləri əsasən yaddaş və sürətli cavabverməyə fokuslanır, bu isə 11 illik bilikləri düzgün əks etdirmir. Test texnikası zəif olan, amma yaxşı bilikləri olan şagirdlər aşağı bal toplayır.İdeal imtahan modeli yazılı işləri, layihələri və tətbiqi bacarıqları da qiymətləndirməlidir. Ən vacib addım isə müəllim peşəkarlığının yenilənməsidir, çünki şagirdin nəticəsinə ən çox təsir edən amil məhz müəllimdir”.
Mövzu ilə bağlı abituriyentlərində fikirini aldıq. Məryəm Hüseynovanın sözlərinə görə, hazırda ən böyük çətinlik həm hazırlıq dərslərini, həm də sınaq imtahanlarını paralel şəkildə idarə etməkdir:
“Bəzən bir gün ərzində çox mövzu yığılır ki, bu da həm vaxt ayırmaqda, həm də psixoloji cəhətdən stres yaradır. Bunu həll etmək üçün əlimizsən gəldiyi qədər hər günün mövzularını vaxtında çatdırmağa çalışır və çox yorulmamaq üçün hər 1 saatdan bir 10-15 dəqiqəlik fasilələr verirəm. Abituriyentlər hazırlıq prosesində əvvəlcə mövzunu diqqətlə oxuyur, anlamaqda çətinlik olduqda isə yenidən nəzər salırlar. Daha sonra mövzuya aid testlər işləyir, mövzunu tam mənimsədikdən sonra isə “Mövzu sınaq testləri” ilə biliklərini möhkəmləndirirlər. Onun fikrincə, sınaq imtahanlarında iştirak vacibdir, çünki abituriyent bilmədiyi məqamları sınaqda görür və bunun üzərində işləyə bilir.İmtahan ayları yaxınlaşdıqca stresin artdığı da qeyd olunur. Buna baxmayaraq çalışırıq ki, stresə çox qapılmayaq və imtahan nəticəsinin ilboyu çəkilən zəhmətin bəhrəsi olduğunu düşünərək özümüzə motivasiya veririk".
Ulduz Rəsulova isə ən çox yorğunluqdan şikayətlənir:
“Gündəlik məktəb və hazırlıq dərsləri uzun çəkdiyinə görə evə gec qayıdır və çox yoruluruq. Yorğunluq olduqda yatıb, səhərə yaxın 5-6 radələrində oyanıb dərs oxumağın daha effektiv olduğunu deyir. Lakin bəziləri streslə mübarizə aparmaqda çətinlik çəkdiyini və bu hissi tam idarə edə bilmədiyini vurğulayır”.
Aylin Orucova isə ən böyük çətinliyin dərs yükünü düzgün bölmək və diqqəti uzun müddət toplamaq olduğunu bildirir:
“Buna görə hər gün üçün oxu planı tərtib edir, mövzuları daha yaxşı qavramaq üçün qeydlər götürür və həftə sonları həmin qeydləri ümumi olaraq təkrar edir. DİM imtahanına hazırlıq üçün də gündəlik plan qurur: səhərləri çətin mövzuları oxuyur, günortalar testlər həll edir. Ən effektiv üsul kimi isə xülasə və cədvəl sistemindən istifadə etdiyini deyir.İmtahan yaxınlaşdıqca motivasiyanı qorumaq üçün özünə mütəmadi olaraq “hər şey yaxşı olacaq, zəhmət boşa getməyəcək” kimi fikirlər xatırladır. Stres hiss etdikdə isə gəzintiyə çıxaraq rahatladığını qeyd edir”.
Mələk Hüseynova
