00:00:00
Yazar
Elmira Ağayeva
02.10.2026 22:09 14 2 dəq oxuma
Sosial

Sükan arxasında siqaret çəkən sürücü məsuliyyətə cəlb edilirmi? – Cərimələr

Sükan arxasında siqaret çəkən sürücü məsuliyyətə cəlb edilirmi? – Cərimələr

Sükan arxasında siqaret çəkmək sürücünün diqqətini yayındıraraq yol hərəkəti təhlükəsizliyinə təsir göstərə bilər. Bəs avtomobil idarə edərkən siqaret çəkən sürücülər qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilirmi və bu əmələ görə hansı cərimələr nəzərdə tutulur?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vəkil Zibeydə Sadıqova bildirib ki, sükan arxasında siqaret çəkmək qanunla qadağan olunmadığından bu əmələ görə sürücülər cərimə edilmir. Lakin siqaret çəkmək sürücünün diqqətini yayındıraraq yol hərəkəti qaydalarının pozulmasına səbəb olarsa, yaxud tütün tullantıları ətraf mühitə atılarsa, qanunvericiliyə uyğun olaraq məsuliyyət yaranır:

 

“İXM-in 212.4-cü maddəsinə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə edilir. Siqaret çəkmə nəticəsində sürücü diqqətini itirir, idarəetməni düzgün həyata keçirmir, təhlükəli manevr edir və ya başqa yol hərəkəti qaydasını pozursa, artıq həmin pozuntu üzrə məsuliyyət yarana bilər. İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi belə yol hərəkəti pozuntularını əhatə edir”.

Vəkil əlavə edib ki, siqaret çəkməyin qanunla qadağan edildiyi xüsusi yerlər var. Bu qaydalar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla tənzimlənir:

“Qadağan edilmiş yerdə siqaret çəkmək İXM-in 212.1-ci maddəsi ilə 30 manat cərimə olunur. Lakin partlayıcı, tezalışan maye və qazlar və digər müəyyən təhlükəli yüklər daşınarkən sürücüyə tütün çəkmək qadağandır. Təkcə siqaret çəkmək yox, danışmaq, mobil telefona baxmaq da sürücünün diqqətinin yayınmasına səbəb olur. Məsələn, əlin sükanın üzərindən götürülməsi, diqqətin yayınması, gözün yoldan ayrılması, tez reaksiya vermə qabiliyyətinin zəifləməsi və sairə”.

Zibeydə Sadıqova qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı yol qəzaları ilə bağlı statistika aparır və müəyyən edir ki, ən çox qəzaya səbəb olan hallar hansılardır. Hazırda diqqət edilir ki, təkcə mobil telefon yox, sükandan əllərin götürülməsi də qəza sayını artırır.

Polis sürücünü siqaret çəkdiyinə görə saxlaya bilməz. Lakin sürücü yol hərəkəti qaydalarını pozursa, əlbəttə ki, müvafiq protokol tərtib ediləcək.

Həmidə Cəbrayılova

#Cərimə #sosial #siqaret
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər