“Sülhün əldə olunması region üçün yalnız müsbət nəticələr vəd edir” - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda administrasiyasının iyun ayında Azərbaycan və Ermənistan arasında sülh mövzusunda məhsuldar müzakirələrin keçirilməsini səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin enerji sahəsində Azərbaycanla ABŞ arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın bu mesajı təsadüfi deyil və Ermənistanda keçiriləcək seçkilərlə birbaşa bağlıdır:
“Artıq Ağ Evdə əldə olunmuş məlum paraflanma sənədinin üzərindən 10 aya yaxın vaxt keçir. Bir ilin tamamına yaxın belə açıqlamaların verilməsi təsadüfi görünmür. Ermənistanda keçiriləcək seçkilər Azərbaycan-Ermənistan sülh prosesi baxımından mühüm əhəmiyyət daşıyır. Trampın məktubunda səsləndirdiyi fikirlər də məhz bu prosesə hesablanıb. ABŞ rəhbərliyi seçkilərin nəticələrini diqqətlə izləyir və hesab edir ki, Nikol Paşinyanın qalib gəlməsi sülh prosesinin davamı baxımından vacib amillərdən biridir”.
Politoloqun sözlərinə görə, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır:
“ABŞ sülhün əldə olunmasını istəyir. Çünki bu proses başa çatarsa, Ağ Evdə keçirilən görüşlərin və əldə olunmuş razılaşmaların nəticəsi kimi qiymətləndiriləcək. Bu baxımdan Tramp administrasiyası sülh prosesinin uğurla yekunlaşmasını vacib hesab edir. ABŞ-nin bu məsələdə rolu artıq formalaşıb və bundan sonrakı mərhələdə əsas məsuliyyət tərəflərin – Azərbaycan və Ermənistanın üzərinə düşür.Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması bütün region üçün mühüm əhəmiyyət daşıyır.30 ildən artıq müddətdə regionda ciddi qarşıdurmalar yaşanıb. Azərbaycan və Ermənistan uzun illər qarşıdurma şəraitində mövcud olublar. Bu vəziyyət regionun təhlükəsizliyinə, iqtisadi əlaqələrə və əməkdaşlıq imkanlarına mənfi təsir göstərib. Ona görə də əldə olunacaq sülh region üçün yalnız müsbət nəticələr vəd edir. Hesab edirəm ki, bölgənin digər dövlətləri də Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlıdırlar”.
Ayşə Müzəfərli