Sumqayıtda sağlam həyat tərzi naminə veloyürüş
Sumqayıtda mumdünya Velosiped Günü münasibətilə genişmiqyaslı veloyürüş keçirilib. Aksiyanın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzini, ekoloji düşüncəni və aktiv vətəndaş mövqeyini təbliğ etmək, eyni zamanda şəhərdə velosiped mədəniyyətinin inkişafına töhfə vermək olub.
"Sağlam Düşüncə" Gənclər Təşkilatının növbəti uğurlu layihəsi çərçivəsində Sumqayıt küçələri 80-ə yaxın velosipedçini bir araya gətirib. Kütləvi idman tədbiri şəhər mühitində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqinə və daha sağlam gələcəyin formalaşdırılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Təşkilatçılar bildiriblər ki, veloyürüş yalnız müəyyən marşrutun qət edilməsi deyil, həm də ətraf mühitin qorunmasına, şəhər məkanlarının daha əlçatan və yaşana bilən olmasına yönəlmiş ortaq çağırış xarakteri daşıyır. Tədbir iştirakçılarının yüksək fəallığı ölkəmizdə sağlam həyat tərzini və ekoloji məsuliyyəti dəstəkləyən gənclərin sayının sürətlə artdığını bir daha nümayiş etdirib.
"Sağlam Düşüncə" Gənclər Təşkilatı layihənin yüksək səviyyədə həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə, eləcə də öz enerjisi və həvəsi ilə tədbirə xüsusi rəng qatan bütün iştirakçılara dərin minnətdarlığını bildirib.
