Sumqayıtda Uşaq Paralimpiya Oyunları təşkil olunacaq
"Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır".
Bu sözləri Milli Paralimpiya Komitəsinin mətbuat katibi Fərid Qarazadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, 130 uşaq paralimpiyaçımız 8 idman növündə iradə və əzm nümayiş etdirərək Paralimpiya hərəkatının əlilliyi olan şəxslər üçün təkcə idman yarışı deyil, eyni zamanda inklüzivlik, bərabərlik və cəmiyyətə inteqrasiya mənası daşıdığını bir daha sübut edəcəklər:
"Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionlarımız ilə yeniyetmə idmançıların ustad dərslərinin təşkili yeni paralimpiyaçı nəslinin üzə çıxması məqsədi daşıyır. Uşaq Paralimpiya Oyunlarının yetirməsi olan idmançılarımız artıq özlərini beynəlxalq arenada da sübut ediblər. Parataekvondoçumuz Sabir Zeynalov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb, paraüzgüçümüz Könül Süleymanova Paris Paralimpiadasında çıxış edib. 2025-ci il gənc paralimpiyaçılarımız üçün əlamətdar olub. 7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan Milli Paralimpiya komandası 7 idman növündə 17 idmançı ilə təmsil olunduğu oyunları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla bitirib. Medal qazanan idmançılarımızın bir çoxu Uşaq Paralimpiya Oyunlarının iştirakçısıdır. Bu il Uşaq Paralimpiya Oyunları 8-ci dəfə təşkil olunacaq. Yarış ilk dəfə 8 idman idman növündə keçiriləcək: paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia".
Zəhra Möhübbətova
