Süni intellekt Efiopiyanın ucqar kəndlərində tibbi xidmətə dəstək olur
Efiopiyanın ucqar kəndlərində tibb işçilərinin fəaliyyətini asanlaşdırmaq və xəstələrə daha düzgün tibbi yardım göstərmək məqsədilə süni intellekt əsaslı yeni sistem tətbiq olunur. HEP Assist adlı bu alət icma səhiyyə işçilərinə real vaxt rejimində dəstək verir və qərarların ölkənin Səhiyyə Nazirliyinin klinik qaydalarına uyğun qəbul edilməsinə kömək edir.
Last Mile Health təşkilatı vasitəsilə Efiopiya Səhiyyə Nazirliyinin iştirakı ilə hazırlanan sistem iki formada fəaliyyət göstərir. Daha mürəkkəb hallarda tibb işçiləri xüsusi mərkəzlə əlaqə saxlayır və mütəxəssis süni intellekt vasitəsilə əldə edilən tövsiyələri onlara çatdırır. Sadə müraciətlər zamanı isə işçilər öz telefonları vasitəsilə mətn və ya səsli formada suallar verərək dərhal cavab ala bilirlər. Bundan əlavə, Hawa adlı virtual köməkçi də tibb işçilərinə gündəlik fəaliyyətlərində dəstək göstərir.
Layihə çərçivəsində indiyədək 650-dən çox tibb işçisi sistemdən istifadə edib, süni intellekt dəstəyi ilə 6 700-dən artıq konsultasiya aparılıb. Toplanan məlumatlar tibbi xidmət zamanı yaranan çətinlikləri müəyyənləşdirməyə və gələcək təlimləri təkmilləşdirməyə imkan verir. Mütəxəssislər vurğulayırlar ki, süni intellekt tibb işçilərini əvəz etmək üçün deyil, onların qərarvermə prosesinə kömək etmək üçün nəzərdə tutulub. Gələcəkdə bu təcrübənin digər aztəminatlı ölkələrdə də tətbiqi mümkün hesab olunur.
Mənbə:BBC
Güllüzar Nəbili