Süni intellekt tələbələrin dərs oxuma vərdişlərinə necə təsir edir?- Ekspertdən AÇIQLAMA
Bir vaxtlar tələbələr saatlarla kitabxanalarda araşdırma aparır, referat və təqdimatları uzun müddət ərzində hazırlayırdılar. İndi isə bir neçə saniyə ərzində süni intellekt platformaları esse yazır, sualları cavablandırır və hətta mürəkkəb mövzuları izah edir. Bu texnologiya təhsil prosesini asanlaşdırsa da, bəzi mütəxəssislər düşünür ki, tələbələrin araşdırma, analiz və müstəqil düşünmə bacarıqları zəifləyə bilər. Digərləri isə hesab edir ki, süni intellekt düzgün istifadə olunduqda öyrənmə prosesini daha effektiv və əlçatan edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu gün süni intellekt tələbələrin dərs oxuma vərdişlərini kökündən dəyişir və bu prosesi dayandırmaq qeyri-mümkündür:
“Bir vaxtlar saatlarla kitabxana künclərində axtardığımız məlumatı, bu gün gənclər saniyələr içində tapırlar. Süni intellekt mürəkkəb bir mövzunu tələbənin anlaya biləcəyi dildə, dəfələrlə, bezmədən izah edir və bu mənada öyrənməni inanılmaz dərəcədə əlçatan edir. Lakin burada çox incə və qorxulu bir cizgi var: hazır informasiya insanı tənbəlləşdirir. Əgər bir tələbə esseni, referatı tamamilə robota yazdırıb, sadəcə köçürüb müəllimə təqdim edirsə, burada heç bir təhsildən və analizdən söhbət gedə bilməz. Belə gənclər məlumatı tapmağı bilirlər, amma onun doğruluğunu tənqidi şəkildə analiz edə bilmirlər. Bu, beynin funksiyasını robota ötürməkdir və gələcəkdə müstəqil düşünmə bacarığını tamamilə zəiflədə bilər. Biz gənclərə süni intellekti qadağan edə bilmərik, bu absurd olar. Amma ondan istifadə mədəniyyətini formalaşdırmalıyıq. Tələbə süni intellektə öz yerinə iş görən bir "icraçı" kimi yox, fikir soruşduğu bir "məsləhətçi" kimi baxmalıdır. "Mənim yerimə yaz" yox, "yazdığım fikri necə təkmilləşdirim?" deməlidir. Eyni zamanda müəllimlər də artıq internetdən tapılan quru tapşırıqlardan əl çəkməli, tələbəni auditoriyada canlı müzakirəyə və fərdi təhlilə məcbur etməlidirlər. Yekun olaraq desək, süni intellekt əla bir xidmətçi, amma çox təhlükəli bir ağadır. Əgər tələbə süni intellekti öz ağlına xidmət etdirsə, inkişaf edəcək: yox, əgər öz ağlını robota təslim etsə, sadəcə texnologiyanın idarə etdiyi bir tənbələ çevriləcək”.
Cavahir Əsgərbəyli