00:00:00
Yazar
Ayan Sadi
13.08.2026 22:57 19 2 dəq oxuma
Sosial

Süni intellekt və təhsil: Düşüncə və yaradıcılıq balansı mərkəzdə

Süni intellekt və təhsil: Düşüncə və yaradıcılıq balansı mərkəzdə

Süni intellekt artıq təkcə texnologiya sahəsinin deyil, gündəlik həyatın da ayrılmaz hissəsinə çevrilib. Dünyanın demək olar ki, bütün sahələrində onun tətbiqi genişlənir və təhsil sistemi də bu prosesdən kənarda qalmır. Bəs süni intellektdən geniş istifadə tələbələrin düşünmə, yaradıcılıq və öyrənmə bacarıqlarına necə təsir edir?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirir ki, əsas təhlükə süni intellektin mövcudluğu deyil, ondan düşünmədən və həddindən artıq istifadə edilməsidir.

 

"Bu gün bəzi gənclər dərs tapşırıqlarını, araşdırmalarını, hətta gündəlik qərarlarını belə süni intellekt vasitəsilə həll etməyə çalışırlar. Bu isə gələcəkdə analitik düşüncənin və yaradıcılıq mühitinin zəifləməsinə səbəb ola bilər”.

 

Məzahir Məmmədli süni intellektdən tamamilə imtina etməyin mümkün olmadığını da qeyd edir. Ekspert deyir ki, bu vasitə ilə mübarizə aparmamalı, əksinə düzgün istifadə mədəniyyətini formalaşdırmalıyıq.

 

"Xüsusilə, Azərbaycan ədəbiyyatı, coğrafiyası, tarixi və milli-mənəvi dəyərlərinin süni intellekt platformalarında doğru təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Verilən suallar və yaradılan məzmun elə qurulmalıdır ki, formalaşan informasiya bazası gələcək nəsillər üçün faydalı və etibarlı olsun".

 

Təhsil ekspertinin fikrincə, artıq ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində və digər elm ocaqlarında süni intellektdən etik, məsuliyyətli və yaradıcı istifadə ilə bağlı sistemli təlimatlar hazırlanmalıdır.

 

Sonda Məzahir Məmmədli vurğulayır ki, elmi potensialımızın, mədəniyyətimizin və milli dəyərlərimizin qorunması üçün süni intellektdən faydalı alət kimi istifadə etməyi öyrənməliyik. Gələcəyin əsas vəzifəsi texnologiyanı insan düşüncəsini əvəz edən deyil, onu inkişaf etdirən vasitəyə çevirməkdir.

 

Süsən Mərdalıqızı

#yaradıcılıq #gündəm #balansı #süni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər