Süni intellekt və terror təhlükəsi- AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı onun müxtəlif məqsədlərlə istifadəsini gündəmə gətirir. Son dövrlərdə terror təşkilatlarının da süni intellektin imkanlarından yararlanmağa çalışması texnologiyanın təhlükəsizlik baxımından yaratdığı risklərə diqqəti artırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, süni intellektin imkanlarının inkişafı terror təşkilatlarının da bu texnologiyaya marağını artırıb:
“Süni intellektin imkanlarının günü-gündən təkmilləşməsi terror təşkilatlarının da bu istiqamətə diqqətini artırıb. Terrorçuları hazırlayan mərkəzlərdə yeni texnologiyanın mənimsənilməsi öndə gedən məsələlər sırasındadır. Əslində, süni intellekt elə proqramlaşdırılıb ki, terrorun hər hansı formada dəstəyi mümkünsüzdür. Terrorçular süni intellektdən birbaşa deyil, müxtəlif dolayı üsullarla istifadə etməyə çalışırlar. Suallar çox zaman birbaşa yox, dolayısı ilə verilir. Adətən süni intellekt vasitəsilə deepfake və ya dezinformasiya hazırlanır. Bu da çox məharətlə yerinə yetirilir. Sonra kontent internetdə yayılır. Terror təşkilatları bəzən süni intellektdən kiberhücum təşkil etmək üçün istifadə edirlər. Süni intellektin inkişafı ilə yanaşı, bu texnologiyadan yarana biləcək təhlükələrin qarşısının alınması istiqamətində də beynəlxalq səviyyədə tədbirlər görülür. Süni intellekt bir texnoloji yenilikdir, bundan həm müsbət, həm də mənfi məqsədlər üçün yararlananlar olacaq. Hər halda terror təhlükəsinin qarşısını almaq üçün hazırda böyük işlər də reallaşdırılır. İnterpol, BMT kimi beynəlxalq təşkilatlar müxtəlif ölkələrlə birgə əməkdaşlıq çərçivəsində xeyli işlər görürlər”.
İsmayıl Rafiqoğlu gələcəkdə şəxsi məlumatların qorunması və təhlükəsizlik məsələlərinin daha da aktuallaşacağını vurğulayıb:
“Yaxın gələcəkdə ən ciddi məsələlərdən biri şəxsi məlumatların qorunması ilə bağlı olacaq. Texnoloji inkişaf insanlardan daha ciddi təhlükəsizlik tədbirlərinin görülməsini tələb edəcək. Gələcəkdə daha təhlükəsiz sistemlərin yaradılması zərurəti yaranacaq. Süni intellekt bir növ “Pandora qutusu”na bənzəyir, açıldısa, ona nəzarət etmək olduqca çətin olacaq”.
Güllüzar Nəbili