00:00:00
Yazar
Zəri Bayramlı
16.07.2026 22:01 114 3 dəq oxuma
Sosial

Süni intellektin tövsiyəsi ilə ixtisas seçmək nə dərəcədə doğrudur?-Ekspertdən xəbərdarlıq

Süni intellektin tövsiyəsi ilə ixtisas seçmək nə dərəcədə doğrudur?-Ekspertdən xəbərdarlıq

 

Müasir əmək bazarının sürətlə dəyişdiyi və ənənəvi peşələrin sıradan çıxdığı bir dövrdə, ixtisas seçimi qarşısında qalan gənclər üçün doğru qərar vermək hər zamankından daha mürəkkəb xarakter alıb. Bu gün minlərlə gənc gələcək karyera xəritəsini cızarkən süni intellektin təqdim etdiyi analitik hesabatlara və trend proqnozlarına güvənir. 

Lakin insan həyatının ən taleyüklü seçimində suni zəkaya etibar etmək nə dərəcədə doğrudur? 

 

 

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az” açıqlama verib.

 

 

Əmrah Həsənlinin sözlərinə görə, müxtəlif platformaların təqdim etdiyi qəbul balları, əmək bazarındakı tendensiyalar və ixtisas perspektivləri barədə məlumatlar faydalı olsa da, onlara mütləq həqiqət kimi yanaşmaq olmaz:

 

 

“Süni intellekt ixtisas seçimində faydalı köməkçi alət olsa da, son qərarı verən məsləhətçi ola bilməz. Çünki ixtisas seçimi sadəcə keçid balları və ya əmək bazarının cari tələblərindən ibarət deyil. Bu prosesdə abituriyentin şəxsi maraqları, bacarıqları, xarakteri, dəyərləri, psixoloji xüsusiyyətləri və uzunmüddətli karyera hədəfləri qiymətləndirilməlidir. Süni intellekt isə bu amilləri dərindən analiz etmək gücünə sahib deyil. Bu gün müxtəlif süni intellekt platformaları qəbul balları, əmək bazarındakı tendensiyalar, ixtisasların perspektivi və uyğun peşələr barədə kifayət qədər faydalı məlumatlar təqdim edirlər. Bu baxımdan abituriyentlər həmin resurslardan sərbəst şəkildə istifadə edə bilərlər. Ancaq təqdim olunan tövsiyələri mütləq həqiqət kimi qəbul etmək düzgün deyil. Çünki süni intellekt yalnız istifadəçinin daxil etdiyi məlumatlar əsasında nəticə çıxarır. Əgər ötürülən məlumatlar natamam və ya yanlış olarsa, verilən tövsiyələr də yanlış olacaq”.

 

Təhsil eksperti Əmrah Həsənli süni zəkanın insan hisslərini və fərdi potensialı tam ölçə bilməməsi reallığına diqqət çəkib. O vurğulayıb ki, alqoritmlər nə qədər inkişaf etsə də, insanın daxili dünyasını analiz etmək gücündə deyil:

 

 

“Digər tərəfdən, süni intellekt insanın daxili motivasiyasını, gələcəkdə hansı peşədə özünü xoşbəxt hiss edəcəyini, stressə davamlılığını, ünsiyyət bacarıqlarını və ya yaradıcılıq potensialını tam qiymətləndirə bilmir. Halbuki məhz bu amillər gələcək peşəkar uğurda mühüm rol oynayır. Məsələn, süni intellekt əmək bazarında yüksək gəlir vəd edən bir ixtisası tövsiyə edə bilər, lakin həmin sahə insanın maraq və qabiliyyətinə uyğun deyilsə, bu seçim gələcəkdə peşə narazılığına və uğursuzluğa gətirib çıxaracaq”.

 

 

İxtisas seçiminin sadəcə məlumat toplamaqdan ibarət olmadığını bildirən təhsil eksperti doğru qərar vermək üçün bir neçə vacib məqamı eyni vaxtda nəzərə almağın vacibliyini qeyd edib:

 

“İxtisas seçimi sadəcə məlumat toplamaqla bitmir; bu, sistemli bir qərar vermə prosesidir. Bu prosesdə Dövlət İmtahan Mərkəzinin rəsmi göstəriciləri, əmək bazarının real vəziyyəti, peşəyönümü mütəxəssislərinin rəyləri, valideynlərin və müəllimlərin dəstəyi, ən əsası isə abituriyentin özünü tanıması mütləq birgə nəzərə alınmalıdır. Süni intellekt bu gedişatı asanlaşdıra və fərqli alternativlər təqdim edə bilər, lakin son qərarı insanın əvəzinə verməməlidir”.

 

 

Yaxın illərdə süni intellektin peşəyönümü sahəsindəki rolunun daha da artacağını proqnozlaşdıran təhsil eksperti gənclərə tövsiyələrini bu sözlərlə tamamlayıb:

 

 

“Yaxın illərdə süni intellektin peşəyönümü sahəsindəki rolu daha da artacaq. Lakin buna baxmayaraq, ixtisas seçimi hələ də insan amilinin həlledici rol oynadığı ən mühüm qərarlardan biri olaraq qalır. Abituriyentlərə tövsiyə edirəm ki, süni intellektin təqdim etdiyi nəticələri yalnız istiqamətverici bir vasitə kimi dəyərləndirsinlər. Yekun qərar isə fərdi maraqlar, bacarıqlar, gələcək hədəflər və peşəkar mütəxəssislərin məsləhətləri əsasında verilməlidir. Bu cür yanaşma gələcəkdə uğurlu və doğru bir seçim etməyə imkan verəcək”.

 

Zəri Bayramlı

 

#intellektin #ixtisas #doğrudur?-ekspertdən #seçmək #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər