00:00:00
Yazar
Zəri Bayramlı
28.09.2026 22:28 115 3 dəq oxuma
Sosial

Süni intellektin yaratdığı məzmunun hüquqi məsuliyyəti nədən ibarətdir?

Süni intellektin yaratdığı məzmunun hüquqi məsuliyyəti nədən ibarətdir?

Süni intellektlə (Sİ) hazırlanan mətn, foto, video və digər məzmunlar artıq geniş şəkildə istifadə olunur. Lakin bu məzmunların yayılması zamanı şəxsin hüquqları pozularsa və ya yanlış məlumat yayılsa, yaranan hüquqi məsuliyyətin kimə aid olduğu sual doğurur.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən hüquqşünas Elvin Əliyev bildirib ki, başqa şəxslərin görüntü və ya səsindən istifadə edilərək hazırlanan saxta materialların yayılması həmin şəxslərin şərəf və ləyaqətinə, şəxsi həyatına və digər hüquqlarına müdaxilə yarada bilər.

Hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyində belə halların qarşısının alınması məqsədilə cinayət məsuliyyəti nəzərdə tutulubdur:

 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 2026-cı ildə edilmiş dəyişikliklər nəticəsində süni intellekt vasitəsilə yaradılan saxta məzmunla bağlı xüsusi hüquqi normalar müəyyən edilibdir. Belə ki, Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt və ya xüsusi proqram təminatı vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialın hazırlanması və ya yayılması cinayət məsuliyyətinə səbəb olur”.

 

 

Elvin Əliyev vurğulayıb ki, bu əmələ görə 3 000 manatdan 7 000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əməl şəxsin şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq məqsədilə, habelə digər ağırlaşdırıcı hallarda törədildikdə isə 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə tətbiq edilə bilər.

 

Süni intellekt vasitəsilə törədilən hüquqpozuntularının daha təhlükəli tərəflərinə diqqət çəkən hüquqşünasın sözlərinə görə, şəxsin görüntüsündən istifadə edilməklə intim və ya pornoqrafik xarakterli saxta materialların hazırlanması və yayılması çox daha ağır hüquqi nəticələr doğurur:

 

 

“Cinayət Məcəlləsinin 242-1-ci maddəsi şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə edilməklə süni intellekt və ya xüsusi proqram vasitəsilə pornoqrafik xarakterli foto, video və ya audio materialların hazırlanmasına və yayılmasına görə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edir.

Cinayət Məcəlləsinin 182-ci maddəsi hədə-qorxu ilə tələb etməni cinayət əməli kimi müəyyən edir. Şəxsin və ya onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakın, pulun və ya əmlak xarakterli hərəkətin tələb edilməsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Buna görə də, məsələn, Sİ vasitəsilə saxta intim video hazırlanaraq zərərçəkmiş şəxsdən pul tələb edilməsi konkret hallardan asılı olaraq həm saxta məzmunla bağlı xüsusi maddələrin, həm də 182-ci maddənin tətbiqinə səbəb ola bilər”.

 

Sonda xəbərdarlıq edən Elvin Əliyev bildirib ki, süni intellektlə yaradılan saxta materiallar hüquqi məsuliyyəti aradan qaldırmır:

 

“Məsuliyyət materialın kimə aid olması, hansı məqsədlə hazırlanması və yayılmasından asılıdır. Şantaj, nüfuzdan salma və şəxsi həyata müdaxilə məqsədi hüquqi məsuliyyət yarada bilər”.

 

Hüquqşünas şantaja məruz qalan vətəndaşlara çağırış edərək, tələblərə boyun əyməməyi, elektron sübutları və ekran görüntülərini saxlayaraq dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.

 

Nazlı Ağazadə

#hüquqi #nədən #yeni #baki #yaratdığı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər