“Süni intellektlə saxtalaşdırılan zənglərdə ilk addım telefonu dərhal bağlamaqdır”-EKSPERTDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının inkişafı ilə insan səsini və üzünü saniyələr ərzində təqlid etmək mümkün olur. Bu imkanlardan yaradıcı məqsədlərlə yanaşı, dələduzluq üçün də istifadə edilir. Belə ki, vətəndaşlara yaxınlarının və ya dostlarının səsi ilə zəng edilərək təcili pul istənilməsi halları yeni risklər yaradır.Belə zəng zamanı vətəndaş ilk olaraq nə etməlidir?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov qeyd edib ki, ilk növbədə soyuqqanlılığı qorumaq və hisslərə qapılaraq tələsik qərar verməmək vacibdir:
“Zəng edən şəxs qəza, həbs və ya qəfil xəstəlik kimi kritik ssenarilərlə təcili qərar qəbul etməyinizi tələb etsə də, dəstəyi dərhal asmaq lazımdır. Zəngi bitirdikdən sonra heç bir halda tələb olunan bank hesabına, kart nömrəsinə və ya pul köçürmə sisteminə vəsait göndərilməməlidir. Dələduzlar zəng zamanı xəttin açıq qalmasına və sizin başqa bir şəxslə əlaqə saxlamağınıza mane olmağa çalışırlar, bu səbəbdən danışığı dərhal dayandırmaq ilk və en vacib müdafiə addımıdır.Səsin və ya təsvirin həqiqiliyini yoxlamaq üçün ilk olaraq zəng edən yaxınınızın öz şəxsi mobil nömrəsinə (dələduzların zəng etdiyi nömrəyə deyil, telefon kitabçanızdakı rəsmi nömrəyə) birbaşa zəng etmək lazımdır. Əgər həmin şəxs cavab vermirsə, onun yanında ola biləcək digər ailə üzvləri, iş yoldaşları və ya ortaq dostları ilə əlaqə saxlayaraq vəziyyəti dəqiqləşdirmək lazımdır. Əgər zəng zamanı şübhə yaranaarsa, süni intellektin bilə bilməyəcəyi, yalnız sizin və həmin yaxınınızın bildiyi fərdi bir sual vermək (məsələn, "Sonuncu dəfə harada görüşmüşdük?", "Ailə heyvanımızın adı nədir?" və ya əvvəlcədən ailə daxilində müəyyən edilmiş gizli kod sözü soruşmaq) qarşıdakı şəxsin real olub-olmadığını anında ortaya çıxarır. Bundan əlavə, situasiya ilə bağlı hüquq-mühafizə orqanlarına dərhal məlumat vermək tövsiyə olunur”.
Nuray Əliyeva