00:00:00
Yazar
Zəhra Həsənova
25.05.2026 22:13 17 2 dəq oxuma
Sosial

“Sürətli məzmun kitabı ikinci plana keçirir” - PSİXOLOQ

“Sürətli məzmun kitabı ikinci plana keçirir” - PSİXOLOQ

Gənclər arasında kitab oxuma vərdişinin azalması son dövrlərdə cəmiyyətdə daha çox müzakirə olunan mövzulardan biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin formalaşmasına həm texnologiyanın inkişafı, həm də sosial və təhsil faktorları təsir göstərir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, kitab oxuma vərdişinin azalmasının əsas səbəblərindən biri müasir dövrdə diqqətin parçalanmasıdır.

 

Onun sözlərinə görə, sosial şəbəkələr, qısa videolar və sürətli məzmun formatları insan beynini daha tez stimul almağa alışdırır: “Kitab oxuma isə diqqət, səbir və daxili fokus tələb edən bir prosesdir. Beyin davamlı sürətli informasiya axınına öyrəşdikdə uzun mətnlərə diqqət toplamaq çətinləşə bilir”.

 

Psixoloq qeyd edib ki, digər mühüm faktor rəqəmsal müqayisə və “daim məşğul olmaq” hissidir: “Bir çox gənc boş vaxtını istirahət yox, sürətli kontent istehlakı ilə keçirir. Nəticədə kitab oxuma zaman tələb edən və “çətin” fəaliyyət kimi görünməyə başlayır”.

 

Ekspert vurğulayıb ki, təhsil sisteminin də burada rolu böyükdür: “Bəzən kitab oxuma uşaqlara maraq və düşüncə inkişafı vasitəsi kimi yox, yalnız məcburi tapşırıq kimi təqdim olunur. Bu halda uşaq kitabı zövq yox, yük kimi qəbul edir. Halbuki oxuma vərdişi qorxu və məcburiyyətlə yox, maraq və emosional əlaqə ilə formalaşır”.

 

Onun sözlərinə görə, media da insanın oxuma mədəniyyətinə ciddi təsir edir: “Əgər cəmiyyətdə yalnız sürətli istehlak və vizual məzmun ön plana çıxırsa, kitab ikinci plana keçir. Amma media kitabları intellektual təzyiq vasitəsi kimi yox, həyatla əlaqəli, emosional və faydalı təcrübə kimi təqdim etdikdə bu münasibət dəyişə bilər”.

 

Sonda psixoloq qeyd edib ki, kitab oxuma mədəniyyətini gücləndirmək üçün uşaqlarda erkən yaşdan maraq oyatmaq vacibdir: “İnsan sevmədiyi və özünü yaxın hiss etmədiyi şeyi davam etdirmir. Ona görə də yaşa uyğun, maraqlı və uşağın daxili dünyasına toxunan kitab seçimi önəmlidir”.

 

O əlavə edib ki, məktəblərdə də oxuma yalnız qiymətləndirmə məqsədilə yox, fikir mübadiləsi, analiz və yaradıcılıqla birlikdə təşviq olunmalıdır: “Çünki kitab oxuma sadəcə informasiya almaq deyil, insanın empatiya, düşünmə və daxili dünyasını inkişaf etdirən psixoloji prosesdir”.

 

Zeynəb Yunuszadə

 


#yeni #məzmun #plana #ikinci
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər