Surfkastinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) mətbuat xidməti məlumat yayıb.
Turnir Gənclər və İdman Nazirliyi, ASİNF və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
4 balıqçılıq klubunu təmsil edən 35 iştirakçının mübarizə apardığı turnirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir ölkədə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, su idmanı növlərinin son illərdəki inkişafını yüksək qiymətləndirib.
Rəsmi hissədən sonra nazirin simvolik olaraq ilk spininqi suya atması ilə ölkə çempionatına start verilib. Turnir surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçirilib.