Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
İnformator.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayının 25-də,26-da Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri “2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.
Milli Məclisin üzvü Kamilə Əliyeva sözügedən məsələ ilə bağlı informator.az-a açıqlama edib. Millət vəkilinin sözlərinə görə, Şuşa şəhəri adi bir məkan deyil,hər bir Azərbaycanlının qürur mənbəyidir.
"Mədəniyyət paytaxtımız olan Şuşa tarix boyu Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,incəsənətinə dahi, dünya səviyyəsində qəbul edilən şəxslər bəxş edib. İşğaldan azad olunduqdan sonra da Şuşada Beynəlxalq "Xarıbülbül" musiqi festivalı təşkil olundu, dünyanın bir çox ölkəsindən ən məşhur musiqiçilər bu festivalda iştirak etdilə”.
Kamilə Əliyeva qeyd edir ki, Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildi və bu il Şuşada bütün türk dünyasının musiqiçiləri,incəsənət xadimləri, Azərbaycanın musiqi və mədəniyyət xadimləri ilə bir səhnədə çıxış etdilər.
“Ölkə başçımız cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da bu tədbirlərdə iştirak etməsi,tədbirlərin böyük önəm kəsb etməsindən xəbər verirdi".
Deputat əlavə edib ki, 2023-cü il sentyabr ayında Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi.
“Bu qərar İslam dünyasının Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya xüsusi ehtiramının nümunəsi kimi qəbul edilir. Bununla əlaqədar Prezident İlham Əliyev sərəncam da imzalayıb və Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi,tədbirlər planının hazırlanması barədə tapşırıqlar da verilib”.
Millət vəkili düşünür ki, 2024-cü ildə İslam dünyasının görkəmli mədəniyyət,incəsənət xadimlərinin Şuşada möhtəşəm çıxışlarının şahidi olacağıq və yəqin ki, bu sahədə bir çox silsilə tədbirlər həyata keçiriləcək,İslam dünyası ilə yanaşı bütün dünya Azərbaycan xalqının yüksək mədəniyyətə,incəsənətə malik,qədim xalq olduğunun şahidi olacaq.
“Bu Azərbaycanın musiqisini,mədəniyyət nümunələrini,mətbəxini oğurlayıb,öz adına çıxarmaq istəyən ermənilərə də dərs olacaq”, - deyə deputat yekunlaşdırıb.
Nəzrin Mirzəyeva
