00:00:00
Yazar
Zəri Bayramlı
15.07.2026 18:41 85 2 dəq oxuma
Media

“Şuşa Qlobal Media Forumu yeni reallıqların beynəlxalq auditoriyaya təqdim edildiyi platformadır”- DEPUTAT

“Şuşa Qlobal Media Forumu yeni reallıqların beynəlxalq auditoriyaya təqdim edildiyi platformadır”- DEPUTAT

Otuz ilə yaxın erməni vandalizminə məruz qalan Şuşa, bu gün qlobal medianın nəbzini tutan dialoq mərkəzinə çevrilib. IV Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyevin xarici jurnalistlərin suallarına verdiyi prinsipial və strateji cavablar, Azərbaycanın informasiya müstəvisindəki gücünü bir daha nümayiş etdirib.

 

 

Dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrini bir araya gətirmir, həm də Azərbaycanın beynəlxalq gündəmlə bağlı mövqeyini dünyaya bəyan edir.

 

Bu sözləri  “İnformator.az”a Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı söyləyib.

 

Millət vəkilinin sözlərinə görə, bu platforma Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı reallıqların beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında mühüm rol oynayır:

 

 

“Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş məkanı olmaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq gündəmlə bağlı mövqeyini dünyaya çatdırdığı mühüm platformaya çevrilib. Müasir dövrdə informasiya ən azı iqtisadi və hərbi güc qədər strateji əhəmiyyət daşıyır. Belə bir şəraitdə Azərbaycanın Şuşada yaratdığı bu beynəlxalq platforma ölkənin mövqeyinin, həqiqətlərinin və inkişaf modelinin qlobal auditoriyaya çatdırılması baxımından mühüm rol oynayır. Şuşa Qlobal Media Forumu artıq regional tədbir çərçivəsini aşaraq beynəlxalq media məkanında söz sahibi olan nüfuzlu platformalardan birinə çevrilib. Forum müxtəlif ölkələrdən gələn media nümayəndələri üçün Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqları yerində görmək, onları obyektiv qiymətləndirmək və beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm imkan yaradıb”.

 

 

Prezident İlham Əliyevin forumdakı çıxışına toxunan Millət vəkili qeyd edib ki, dövlət başçısının nitqinin əsas xəttini Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda yaranmış yeni vəziyyət təşkil edib:

 

 

“Prezident İlham Əliyevin çıxışının əsas xəttini Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda yaranmış yeni vəziyyət təşkil edib. Dövlət başçısı vurğulayıb ki, artıq Cənubi Qafqazda yeni siyasi və hüquqi reallıq formalaşıb və bu reallıq bütün regional aktorlar tərəfindən qəbul edilməlidir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl diplomatik xəttin məntiqi davamıdır. Rəsmi Bakı hesab edir ki, bölgədə davamlı sülh yalnız dövlətlərin suverenliyinə, sərhədlərin toxunulmazlığına və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür”.

 

 

Deputat vurğulayıb ki, Azərbaycanın məqsədi Cənubi Qafqazda daimi sabitliyə və iqtisadi inteqrasiyaya nail olmaqdır. Dövlət başçısının forumda səsləndirdiyi fikirlər ölkəmizin gələcək xarici siyasət kursunu növbəti dəfə təsdiqləyir:

 

 

“Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılmasını dəstəkləyir. Bu yanaşma göstərir ki, rəsmi Bakı postmünaqişə dövründə regional əməkdaşlığın genişlənməsini, iqtisadi inteqrasiyanın güclənməsini və uzunmüddətli sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirib”. 
 

 

Zəri Bayramlı

#Şuşa Qlobal Media Forumu #Tənzilə Rüstəmxanlı #media #Deputat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər