00:00:00
Yazar
Güllər Gülhüseynova
23.06.2026 19:45 27 2 dəq oxuma
Siyasət

Şuşadakı görüşün strateji əhəmiyyəti: Türk dünyasında yeni dinamika

Şuşadakı görüşün strateji əhəmiyyəti: Türk dünyasında yeni dinamika

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar. Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına "Mərd" adlı Qarabağ atını hədiyyə edib.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Türk dünyasının inteqrasiyası son illərdə müəyyən templə inkişaf edir:


“Bu proseslərdə Türkmənistanın iştirakı müəyyən qədər məhdud olsa da, son dövrlərdə türk dövlətlərinin daha sıx əməkdaşlığa yönəlməsi həm regionun, həm də dünyanın geosiyasi mənzərəsinə təsir göstərən mühüm amilə çevrilib. Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Qarabağın bərpası prosesində də türk dövlətlərinin müxtəlif formalarda dəstəyi hiss olunub. Görünür, Türkmənistan da türk dünyasında gedən inteqrasiya proseslərinin əhəmiyyətini nəzərə alaraq bu proseslərin daha fəal iştirakçısına çevrilmək qərarına gəlib. Bu isə olduqca müsbət və doğru addım kimi qiymətləndirilə bilər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri türk dünyasının inteqrasiyasına verilən növbəti töhfə kimi dəyərləndirilməlidir. Türk dövlətləri bir-biri ilə nə qədər sıx əlaqələr qurarsa, siyasi, iqtisadi, ticari və humanitar əməkdaşlığı genişləndirərsə, bir o qədər güclü, həmrəy və təsirli bir birlik formalaşar. Bu baxımdan səfər regionun siyasi mənzərəsinin formalaşmasında mühüm əhəmiyyət daşıyır”.

 

Politoloq qeyd edib ki, Türkmənistan Prezidentinə Qarabağ atının hədiyyə edilməsi də xüsusi məna daşıyır:


“Ümumiyyətlə, at türkdilli xalqların mədəniyyətində və xüsusilə Türkmənistanda çox qiymətli simvollardan biri hesab olunur. Qarabağ atının hədiyyə edilməsi iki xalq arasında dostluğun, qarşılıqlı hörmətin və qardaşlığın göstəricisidir. Bu addımın Azərbaycan-Türkmənistan münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyi şübhəsizdir. Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi və mənəvi əlaqələrin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir. Bu əməkdaşlıq siyasi birliyin güclənməsinə, eyni zamanda, bir sıra mühüm iqtisadi layihələrin həyata keçirilməsinə əlavə imkanlar yarada bilər”.


Politoloq bildirib ki, Türkmənistan dünyanın ən zəngin təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir:


“Gələcəkdə bu ehtiyatların Azərbaycan üzərindən Avropa bazarlarına nəqli perspektivi hər iki dövlət üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan münasibətlərin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi həm regionun, həm də iştirakçı dövlətlərin mənafelərinə uyğundur.Ümid etmək olar ki, bu səfər Azərbaycan-Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoymasına və türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə mühüm təkan verəcək”.

 

Güllər Gülhüseynova

#Azərbaycan #Türkmənistan #Şuşa #Türk #Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər