Şuşanın girişinə Milli Qəhrəman Albertin abidəsi qoyulsun
Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülüb.
Qeyd edək ki, bu tank Milli Qəhrəman Albert Aqarunovun Şuşa döyüşlərində vurduğu məşhur erməni tankıdır. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı. Bu proses cəmiyyətdə müzakirələrə səbəb olub. Səslənən fikirlərə əsasən, bu tankın vurulduğu ərazidə Milli Qəhrəman Albartin abidəsinin ucaldılması təklifləri irəli sürülüb.
Məsələ ilə bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu İnformator.az-a açıqlama verib. O bildirir ki, Albert Azərbaycanın fəxrlərindən, qəhrəman oğullarından, rəsmi Milli Qəhrəmanlarındandır. Onun adına, xatirəsinə nə addım atılsa, tam şəkildə halalıdır:
"Milli Qəhrəman Albert Aqarunovun erməni tankını məhv etdiyi ərazidə onun adına abidə ucaldılması olduqca qürurverici bir addımdır. Ümid edirəm ki, dövlət qurumları, müvafiq strukturlar sözügedən təklifi layiqli şəkildə dəyərləndirib, bu məsələni reallaşdırar”.
HƏCƏR ƏMİRASLANLI
