“Suverenlik artıq təkcə torpaqla yox, kiberməkan üzərində də qorunmalıdır” - Deputat
Azərbaycan cəmiyyəti qadınlara həmişə yüksək hörmət göstərib, lakin mənəvi dəyərlərdən uzaq bəzi şəxslərin mövcudluğu təəssüf doğurur. Milli Məclisin deputatı Vüqar İskəndərov Prezidentin ailəsini şantaj edən şəxsin DTX tərəfindən saxlanılmasını şərh edərək bildirib ki, belə ünsürlər dövlətin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunur və cinayət məsuliyyətinə cəlb ediləcək. Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı və Prezident İlham Əliyevin qlobal nüfuzu bəzi qüvvələri narahat edir və mənəvi dəyərlərdən uzaq şəxslər bu dairələrin əlində alətə çevrilib.
Mövzu ilə bağlı deputat Tural Gəncəliyev “İnformator.az”a açıqlamasında sosial şəbəkələr üzərindən aparılan qanunsuz fəaliyyətlərin artdığını diqqətə çatdırıb. O bildirib ki, sosial şəbəkələrin inkişafı ilə dövlətimizi, hökumətimizi və ümumilikdə Azərbaycanı hədəf alan, qanunsuz fəaliyyət göstərən şəxslər mövcuddur:
“Bu şəxslər rəqəmsal platformaların imkanlarından sui-istifadə edir. Onlar sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək insanları təhqir edir, müxtəlif saxta məlumatlar yayırlar. Bu məsələ artıq qlobal problemə çevrilib və bir sıra Avropa ölkələrində bununla bağlı hüquqi məsuliyyət tədbirləri nəzərdən keçirilir. Müasir dövrdə süni intellekt texnologiyalarının inkişafı yeni risklər yaradır. Feyk xəbərlərin yayılması, saxta video və fotomaterialların hazırlanması geniş vüsət alıb. Bu isə yeni təhdid və çağırışdır”.
Deputat hesab edir ki, ölkənin suverenliyi artıq təkcə fiziki məkanla məhdudlaşmır:
“Suverenliyimiz yalnız ərazi, hava və su məkanı ilə bitmir, eyni zamanda kiberməkanda da qorunmalıdır. Sosial şəbəkələrdə insanların şərəf və ləyaqətini hədəf alan fəaliyyətlər cinayət kimi qiymətləndirilməlidir. Bu cür hallarla mübarizə aparılmalı, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Sosial şəbəkələr üzərindən terror həyata keçirənlər cəzalandırılmalıdır. Terror təkcə silahla törədilən əməllərlə məhdudlaşmır. Eyni zamanda insanların mənəviyyatını, şəxsiyyətini və ləyaqətini alçaldan saxta məlumatların yayılması da bu qəbildəndir. Azərbaycan bu sahədə beynəlxalq təcrübəni nəzərə almalı və yeni dövrün çağırışlarına uyğun hüquqi mexanizmlər formalaşdırmalıdır. Biz həm dünya praktikasına baxmalı, həm də öz milli-mənəvi dəyərlərimizi qorumaq üçün qanunvericilik çərçivəsində adekvat addımlar atmalıyıq. Yeni dövrün yeni təhdid və çağırışlarına hazır olmalıyıq”.
Fatimə Hüseynli