00:00:00
Yazar
Admin User
28.01.2026 19:31 85 4 dəq oxuma
Sosial

Şəxsi məlumatların qorunması

Şəxsi məlumatların qorunması

Rəqəmsal dövrdə yaşadığımız bu zamanda şəxsi məlumatların qorunması getdikcə daha böyük əhəmiyyət kəsb edir. Gündəlik həyatımızda sosial şəbəkələrdə, onlayn alış-verişdə, müxtəlif tətbiqlərdə fərqinə varmadan şəxsi məlumatlarımızı paylaşırıq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, insanın şəxsi məlumatlarının paylaşılması çox aktual və düşündürücü məsələdir:

 

"Rəqəmsal platformalar artdıqca sanki risklər də genişlənməyə başlayır. İnsanlar bəzən öz rahatlıqlarını pozmamaq və sürət amilini seçərək “tez olsun” deyə oxumadan “qəbul edirəm” düyməsini sıxırlar. Qeydiyyat, endirim, çatdırılma bunların hamısı məlumat ötürülməsi ilə təqdim olunur. Lakin hansı risklə qarşılaşacağımızın görünməməsi şəxsi məlumatın sui-istifadəsinin ani baş verməməsi ilə əlaqəlidir. Daha anlaşılan şəkildə desək, təhlükə gözlə görünmədiyi üçün insanlarda “mənə nəsə olmaz” düşüncəsi formalaşır. Məsələnin digər tərəfi isə bütün bu halların sosial təsdiq ehtiyaclarından irəli gəlməsidir.

 

Kiməsə özünü bəyəndirmək, başqalarının diqqətini cəlb etmək, qəbul olunmaq arzusu (like, paylaşım, izləyici) insanları özəl həyatlarını açmağa sövq edir. “Onsuz da hamı bilir” prinsipi ilə anlaqsız yanaşan bir çox insanlar ad, nömrə, şəkil kimi məlumatların başqaları tərəfindən götürülməsini bəsit bir şey hesab edərək “əhəmiyyətsiz” sayırlar. Halbuki bu kiçik parçaları birləşdirdikdə böyük problemlər və ciddi təhlükələr yaranır. Rəqəmsal savadlılığın zəifliyi ucbatından məlumatların kimə, hara və nə məqsədlə getdiyini çox insanlar dərk etmir.

 

Cəmiyyətin bu mövzuda kifayət qədər maariflənməyə həqiqətən də böyük ehtiyacı var. İlk növbədə güclü parolların seçilməsi çox vacib məsələdir. Eyni parolun bir neçə platformada işlədilməsi, şəxsi şəkil və məlumatların açıq profillərdə paylaşılması fişinq (saxta linklər, mesajlar) tələlərinə tez düşmək riskini artırır. Bildiyimiz kimi, son zamanlar media, banklar və dövlət qurumları tərəfindən xəbərdarlıqlar artıb. Lakin bu, hələ davranışa tam çevrilməyib. Şəxsi məlumat artıq pul və ya əmlak kimi dəyərli resursdur. Onu qorumaq texniki məsələ yox, mədəniyyət və düşüncə tərzi olmalıdır. Maarifləndirmə məktəbdən başlamalı, ailədə möhkəmlənməli və cəmiyyət səviyyəsində davamlı olmalıdır".

 

Həmçinin mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında insan resursları üzrə mütəxəssis Sevinc Nəcəfova bildirib ki, rəqəmsal mühitdə şəxsi məlumatların qorunması Azərbaycanda bir neçə əsas normativ hüquqi aktla tənzimlənir:

 

"Bu sahədə əsas sənəd “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunudur. Həmin qanun şəxsi məlumat anlayışını müəyyən edir və bu məlumatların toplanması, işlənməsi, saxlanılması, ötürülməsi və mühafizəsi qaydalarını tənzimləyir. Qanuna əsasən, konkret fiziki şəxsi müəyyən etməyə imkan verən hər bir məlumat ad, soyad, əlaqə vasitələri, yaşayış ünvanı, iş yeri, sağlamlıqla bağlı məlumatlar və s. fərdi məlumat hesab olunur və yalnız şəxsin razılığı ilə istifadə edilə bilər.

 

Eyni zamanda, qanun fərdi məlumat sahibinə öz məlumatları üzərində nəzarət hüququ verir. Belə ki, şəxs məlumatlarının kim tərəfindən, hansı məqsədlə istifadə edildiyini öyrənə, yanlış olduqda düzəldilməsini və ya artıq zərurət olmadıqda silinməsini tələb edə bilər.

 

Şəxsi məlumatların qorunması Konstitusiya səviyyəsində də təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ var və şəxsin razılığı olmadan onunla bağlı məlumatların toplanması və yayılması yolverilməzdir. Bundan əlavə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun da informasiya təhlükəsizliyi və məlumatların qorunması ilə bağlı ümumi hüquqi çərçivəni müəyyən edir. Bu qanunvericilik bazası birlikdə şəxsi məlumatların qanunsuz istifadəsinin qarşısını almağa xidmət edir və pozuntu hallarına görə məsuliyyət nəzərdə tutur.

 

Əgər şəxsi məlumatlarınız icazəsiz şəkildə yayılıbsa və ya qanunsuz istifadə olunubsa, bir neçə hüquqi müdafiə mexanizmindən yararlanmaq mümkündür. İlk növbədə, bu sahəyə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək olar. Eyni zamanda, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması insan hüquqları ilə birbaşa bağlı olduğuna görə İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) şikayət ünvanlamaq da mümkündür. Ombudsman müraciəti araşdıraraq aidiyyəti qurumlar qarşısında məsələ qaldıra bilər.

 

Bundan başqa, şəxsi məlumatların icazəsiz yayılması nəticəsində maddi və ya mənəvi zərər dəymişdirsə, məhkəməyə müraciət etmək hüququ da var. Məhkəmə qaydasında məlumatların yayılmasının dayandırılması, onların silinməsi və dəymiş zərərin ödənilməsi tələb oluna bilər. Praktikada isə bu prosesdə hüquqşünas və ya vəkil dəstəyindən istifadə etmək daha effektiv nəticə əldə etməyə kömək edir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər