“Təhsil krediti ödənişli ixtisaslara marağı artırır”- EKSPERT VƏ TƏLƏBƏLƏRDƏN AÇIQLAMA
Avqustun 3-dən etibarən tələbələr təhsil krediti almaq üçün müraciət edə biləcəklər. Müraciətlər müəyyən olunmuş qaydalar əsasında elektron şəkildə qəbul ediləcək.
Mövzu ilə bağlı “İnformator.az” saytı olaraq həm tələbələrin, həm də təhsil ekspertinin fikirlərini öyrəndik.
BDU tələbəsi Ayşən Səlimova Təhsil Tələbə Kreditindən istifadə etdiyini bildirib:
“Təhsil Tələbə Krediti biz tələbələr üçün, valideynin qarşıladığı ehtiyaclara görə yaxşı bir sistemdir. Çünki Təhsil Tələbə Krediti vasitəsilə bir illik ödənişimiz olunur. Əslində bir illik tam ödəniş olunmur, bir semestr ödənir. Əgər yenidən müraciət etmək istəyiriksə, digər semestrimizi də təzədən qarşılayırlar. Təhsil Tələbə Krediti tələbənin bir qədər yükünü azaldır. Biz tələbə olaraq onun ödənişini yalnız işləyəndən sonra qaytarırıq”.
BBU tələbəsi Çingiz Məmmədov isə kredit dəstəyi olmasa, çətinlik çəkə biləcəyini bildirib:
“Təhsil haqqını ödəmək ailə büdcəsinə ciddi təsir edir. Güzəştli təhsil krediti isə həm mənə, həm də ailəmə maddi baxımdan rahatlıq yaradır və təhsilimi davam etdirməyə daha əlverişli yol açır”.
Təhsil eksperti isə Əmrah Həsənli qeyd edib ki, təhsil tələbə kreditləri elə bir mexanizm əsasında formalaşdırılıb ki, tələbə təhsil aldığı dövrdə ciddi maliyyə yükü hiss etməsin:
“Kreditin məbləği tələbənin təhsil haqqının müəyyən hissəsini qarşılaya bilir. Güzəştli kreditlərdə faiz dərəcəsi bazar kreditləri ilə müqayisədə kifayət qədər aşağıdır. Əsas üstünlüklərdən biri də odur ki, ödənişlər əsasən məzun olduqdan və müəyyən o güzəşt müddəti bitdikdən sonra başlayır. Tələbə məzun olur, 2 il sonra əmək fəaliyyətinə başlayanda və yaxud da 2 il ərzində başlayarsa belə, onda artıq aylıq ödənişlər vasitəsilə Kapital Banka ödənilir. Bu yanaşma tələbənin təhsilini yarımçıq qoymasının da qarşısını almağa və ailələrin də maliyyə yükünü azaltmağa birbaşa xidmət edir.Təhsil tələbə kreditlərinin aktiv tətbiqi ödənişli yerlərə marağı bir neçə il ərzində artırıb. Çünki indiyə qədər bir çox abituriyent yalnız maliyyə imkanlarına görə ödənişli ixtisaslardan imtina edirdi, artıq təhsil haqqını bir dəfəlik ödəmək məcburiyyəti də aradan qalxdığı üçün seçim imkanları genişlənib.Bununla yanaşı, kredit sisteminə yalnız maliyyə dəstəyi kimi baxmaq da düzgün deyil. Bu mexanizm ali təhsilə əlçatanlığı artıran sosial bir alətdir. Xüsusilə az təminatlı ailələrdən olan, lakin yüksək akademik potensiala malik gənclər üçün əlavə bir imkan da yaradır.Burada bir məqam da var ki, tələbələr kredit götürərkən gələcək məşğulluq imkanlarını, seçdikləri ixtisasın əmək bazarındakı perspektivini və krediti geri ödəmək imkanlarını da nəzərə almalıdırlar. Kredit təhsil almaq üçün fürsətdir, lakin bu fürsətdən düzgün planlaşdırma ilə istifadə etmək daha sağlam nəticə verəcək. Bu baxımdan peşə və ixtisas seçimi maliyyə qərarı ilə paralel şəkildə qiymətləndirilməlidir”.
Nuray Əliyeva