00:00:00
Yazar
Ayan Sadi
28.08.2026 23:35 106 2 dəq oxuma
Gündəm

Təhsil tələbə krediti – Gənclər üçün yeni imkanlar

Təhsil tələbə krediti – Gənclər üçün yeni imkanlar

Təhsil tələbə krediti mexanizmi ölkəmizdə ali və orta ixtisas təhsilinə əlçatanlığın artırılması, gənclərin maliyyə çətinlikləri səbəbindən təhsildən kənarda qalmasının qarşısının alınması baxımından mühüm sosial-iqtisadi təşəbbüslərdən biridir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil eksperti Əmrah Həsənli bildirir ki, təhsil tələbə krediti sistemi tələbələrə təhsil haqqını ödəmək imkanı yaratmaqla yanaşı, valideynlərin üzərinə düşən maliyyə yükünün də əhəmiyyətli dərəcədə azalmasına şərait yaradır.

 

Ekspertin sözlərinə görə, kredit mexanizminin əsas üstünlüklərindən biri müraciət və qiymətləndirmə prosesinin rəqəmsal şəkildə həyata keçirilməsidir. Tələbə banka getmədən Təhsil Tələbə Krediti Fondunun portalı üzərindən müraciət edə bilir. Müvafiq dövlət qurumlarının elektron bazaları ilə inteqrasiya hesabına tələbənin şəxsi, təhsil və sosial statusu ilə bağlı məlumatlar avtomatik yoxlanılır.

 

“Təhsil tələbə kreditləri əsasən sosial və standart olmaqla iki istiqamətdə təqdim edilir. Sosial kreditlər müəyyən sosial həssas kateqoriyalara aid tələbələr üçün nəzərdə tutulur və daha güzəştli şərtlərlə təqdim edilir. Standart kreditlər isə sosial statusundan asılı olmayaraq müəyyən akademik tələblərə cavab verən tələbələr üçün nəzərdə tutulur”.

 

Təhsil ekspertinin fikrincə, kredit vəsaitinin tələbəyə nağd şəkildə təqdim edilməməsi də mühüm məqamlardan biridir. Kredit məbləği tələbənin illik təhsil haqqına uyğun hesablanır və müvafiq semestr üzrə birbaşa təhsil müəssisəsinin hesabına köçürülür.

 

Əmrah Həsənli hesab edir ki, geri ödəniş mexanizminin tələbələrin gələcək maliyyə imkanları nəzərə alınmaqla formalaşdırılması sistemin əsas üstünlüklərindən biridir. Tələbə təhsil aldığı müddətdə və müəyyən güzəşt dövründə ödəniş etmir. Daha sonra müəyyən edilmiş şərtlər çərçivəsində kreditin geri qaytarılması mərhələsi başlayır.

 

Ekspert qeyd edir ki, tələbələrin xüsusilə diqqət yetirməli olduğu məsələlərdən biri akademik göstəricilərdir. Növbəti semestrdə kreditin davam etdirilməsi üçün tələbənin müəyyən edilmiş akademik tələblərə cavab verməsi vacibdir. Yüksək akademik göstəricilər isə tələbəyə kreditin şərtləri baxımından əlavə güzəştlər əldə etmək imkanı yarada bilər.

 

Təhsil tələbə kreditinin ən mühüm üstünlüklərindən biri onun zaminsiz və girovsuz təqdim edilməsidir. Bu mexanizm gənclərə təhsil haqqını maliyyələşdirmək, gələcək karyeralarına investisiya qoymaq və borcun qaytarılmasını təhsil mərhələsi başa çatdıqdan sonrakı dövrə saxlamaq imkanı verir.

 

 

Süsən Mərdalıqızı

#baki #krediti #xəbər #tələbə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər