00:00:00
Yazar
Ayan Sədi
25.03.2026 20:12 27 2 dəq oxuma
Araşdırma

Təhsildə repetitorluğa artan ehtiyac

Təhsildə repetitorluğa artan ehtiyac

Müasir təhsil sistemində şagirdlərin dövlət standartlarına əsaslanan məktəb proqramlarını mənimsəməsi üçün əlavə hazırlıq dərslərinə müraciət etməsi artıq kütləvi hal alıb. Məktəbin əsas bilik mənbəyi funksiyasını qismən itirməsi və imtahan mərkəzli təhsilin yaratdığı rəqabət mühiti həm valideynlər, həm də şagirdlər üçün yeni çətinliklər yaradır.

 

Təhsil eksperti Vüsət Əzizov bu barədə "İnformator.az"a açıqlamasında bildirib ki, məktəb proqramları nəzəri olaraq kifayət etsə də, praktikada əlavə dərslərə ehtiyacın yaranmasının bir neçə ciddi səbəbi var. Onun sözlərinə görə, siniflərin çoxsaylı olması müəllimin hər bir şagirdə fərdi yanaşma göstərməsinə mane olur:

 

“Sinifdə şagirdlərin qavrama sürəti və maraqları fərqlidir, müəllim isə hamıya eyni tempdə dərs keçməyə məcbur olur. Bundan başqa, vaxt məhdudiyyəti də böyük problemdir. Proqram geniş, dərs saatları isə məhduddur. Müəllimlər mövzunu tez keçməyə məcbur qalır, bu isə dərin öyrənməni çətinləşdirir. Buraxılış və qəbul imtahanları isə daha çox test strategiyası tələb edir. Məktəbdə ümumi bilik verilsə də, imtahan texnikası əlavə hazırlıqlarda öyrədilir”.

 

Ekspert vurğulayıb ki, mövcud qiymətləndirmə sistemi şagirdlərin motivasiyasına həm müsbət, həm də mənfi təsir göstərir. Qiymətlər konkret hədəf qoysa da, bəzən öyrənmə prosesini sadəcə “bal toplamaq yarışı”na çevirir:

 

“Şagirdlər bəzən bilik üçün deyil, yüksək qiymət üçün oxuyurlar. Bu isə dərin öyrənməni zəiflədir, stres və qorxu yaradır. Xüsusilə test tipli imtahanlar yaddaşa əsaslandığı üçün analitik düşüncə və yaradıcılıq ikinci plana keçir. Davamlı aşağı qiymət alan şagirdlərin isə özünəinamı zədələnir və onlar özlərini bacarıqsız hesab etməyə başlayırlar”.

 

Məktəbin yenidən əsas bilik mənbəyinə çevrilməsi üçün sistemli dəyişikliklərin vacib olduğunu qeyd edən Vüsət Əzizov, tədris metodlarının müasirləşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, şagird öyrənmə prosesində passiv dinləyici deyil, aktiv iştirakçı olmalıdır:

 

“Müəllimlərin peşəkar inkişafı, yeni texnologiyaların düzgün inteqrasiyası və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi vacibdir. Yalnız imtahan nəticəsinə deyil, şagirdin inkişafına və düşünmə bacarığına da qiymət verilməlidir. Dərs yükü optimallaşdırılmalı, daha az, amma daha keyfiyyətli məzmun təqdim olunmalıdır”.

 

Nəticə etibarilə, məktəbdə tədris keyfiyyəti yüksəlsə, fərdi yanaşma artsa və şagirdlərin real öyrənməsi təmin olunsa, əlavə hazırlıq dərslərinə ehtiyac xeyli azalacaq. Təhsil mühitində etibara əsaslanan müəllim-şagird münasibətləri və aktiv valideyn əməkdaşlığı bu prosesdə həlledici rol oynayır.

 

Lalə Əhməd

#repetitorluğa #ehtiyac #təhsildə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər