Tələbə jurnalistlər üçün şəxsi brend və imic mövzusunda təlim
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Rəqəmsal dövrdə şəxsi brending” mövzusunda görüş keçirilib. “İnformator.az” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova tələbələrlə “Şəxsi Brend Diaqnostikası” ilə bağlı vorkşop keçirib. Təlimdə Tələbə Gənclər Təşkilatının üzvləri də iştirak ediblər.
Daha sonra Elvira Rüstəmova mövzu ilə bağlı müxtəlif nümunələr təqdim edərək imicin iş mühitində mühüm rol oynadığını vurğulayıb: “Etibar və nüfuz çox vacib amillərdəndir. Güclü şəbəkə yaratmaq lazımdır. Yaxşı imic formalaşanda ətrafınızda daha çox insan olur. Əksinə, neqativ imic yarandıqda insanlar sizdən uzaq dura bilər. Bu isə şəbəkələşmənin azalmasına səbəb olur. Liderlik imici də olduqca vacibdir. Duruş, danışıq tərzi, geyim və aksesuarlar liderlik imicinin əsas elementlərindəndir”.
Elvira Rüstəmova sosial medianın şəxsi brendə təsirindən də danışıb: “Onlayn mühitdə insan haqqında ilk təəssürat sosial media vasitəsilə formalaşır. İnsanları tanımaq üçün ilk növbədə profil şəklinə və bio hissəsinə baxılır. Əslində şəxsi sosial media hesablarınız sizin ‘CV’niz rolunu oynayır. Bu səbəbdən sosial mediada özünüzü necə təqdim etdiyiniz çox önəmlidir. Burada qısa, aydın və peşəkar olmaq lazımdır. Paylaşılan postlar və yazılan rəylər də imicə təsir edir. Hər mövzu ilə bağlı fikir bildirməkdən çəkinmək lazımdır. Vizual görüntü insan beynində müəyyən fikir formalaşdırır. Səliqəli geyim, rəng kontrastı və danışıq tərzi də burada mühüm rol oynayır”.
ASAN xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova şəxsi imici formalaşdırarkən edilən səhvlərə də toxunub. Bildirib ki, paylaşılan postların aydın olmaması, müraciət edilən auditoriyanı tanımamaq və keyfiyyətsiz vizual və dizayn buna aiddir. “Paylaşımlar zamanı həddindən artıq reklamçılıq, özünü tərifləmək hörməti azaldır, brendi gözdən salır. Sosial media işlədən hər bir influenser və ya bloqer tənqidlərə açıq olmalı, trendləri tamamilə kopyalamamalı, peşəkar olmalıdır”.
Sonda Elvira Rüstəmova tələbə jurnalistlərə sosial media paylaşımlarına diqqət etməyi məsləhət görüb. Görüş tələbə jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Zəhra Möhübbətova
Nuray Əliyeva