“Tənqidi düşüncə bacarıqlarının inkişafı və tətbiqi” layihəsi çərçivəsində maarifləndirici təlim
Təlimin keçirilməsində məqsəd gənc jurnalistlərin informasiya axınını düzgün təhlil etmək, hadisələrə analitik yanaşmaq və məlumatların doğruluğunu qiymətləndirmək bacarıqlarını inkişaf etdirmək olub. Tədbir çərçivəsində iştirakçılara tənqidi düşüncənin media fəaliyyətində rolu, dezinformasiyanın aşkarlanması üsulları və informasiyanın obyektiv araşdırılması ilə bağlı ətraflı məlumat verilib.
Təlim zamanı layihənin əhəmiyyəti və qarşıya qoyulan əsas məqsədlər barədə də danışılıb. “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyinin həyata keçirdiyi təşəbbüs Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılır. 1 may 2026-cı il tarixindən etibarən icrasına başlanılan layihə çərçivəsində media nümayəndələri və gənclər üçün silsilə təlimlərin, maarifləndirici görüşlərin və praktiki məşğələlərin təşkili nəzərdə tutulub.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova tənqidi düşüncə bacarıqlarının müasir media mühitində vacib rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, informasiya bolluğu şəraitində jurnalistlərin hadisələrə daha obyektiv və araşdırıcı yanaşması xüsusi əhəmiyyət daşıyır:
“Bu gün rəqəmsal platformalarda yayılan məlumatların sürəti bəzən onların dəqiqliyini kölgədə qoyur. Jurnalist hər hansı informasiyanı təqdim etməzdən əvvəl onun mənbəyini araşdırmalı, faktları müqayisə etməli və məlumatın cəmiyyətə mümkün təsirlərini nəzərə almalıdır. Tənqidi düşüncə media nümayəndəsinin peşəkar fəaliyyətində əsas bacarıqlardan biridir”.

Bakı Dövlət Universitetinin kafedra müdiri Xatirə Hüseynova isə çıxışında media nümayəndələrinin informasiya ilə işləyərkən məsuliyyətli və prinsipial yanaşmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə sürətli informasiya axını jurnalistlərdən yalnız operativlik deyil, həm də yüksək analiz qabiliyyəti tələb edir:
“Jurnalist cəmiyyətə təqdim etdiyi hər bir məlumatın təsir gücünü nəzərə almalıdır. İnformasiyanın düzgün təhlili, müxtəlif mənbələrin müqayisə olunması və faktların dəqiqləşdirilməsi peşəkar medianın əsas prinsiplərindəndir. Tənqidi düşüncə isə jurnalistin hadisələrə daha obyektiv yanaşmasına və ictimaiyyətə etibarlı informasiya çatdırmasına imkan yaradır”.

Təlim interaktiv formada təşkil olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.