Türkiyə atəşkəsdən sonra Ukraynaya sülhməramlı qüvvə göndərə bilər
Türkiyə Rusiya–Ukrayna müharibəsində atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya sülhməramlı qüvvə göndərmə ehtimalını istisna etmir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyənin Ukraynaya sülhməramlı qüvvə göndərməsi üçün ilk növbədə atəşkəsin təmin edilməsi əsas şərtdir. Ardınca isə missiyanın dəqiq vəzifə bölgüsü müəyyənləşdirilməli və hansı ölkənin hansı həcmdə töhfə verəcəyi aydınlaşdırılmalıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyənin Ukraynaya sülhməramlı qüvvə göndərməsi ehtimalı hələlik gündəmdə deyil və aktuallıq kəsb etmir:
"Bunun səbəbi isə Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqların davam etməsinə baxmayaraq, yaxın aylarda bu münaqişənin sona çatması ehtimalının az olmasıdır. Hətta əksinə, bəzi sürpriz addımlar nəticəsində müharibənin daha da genişlənməsi və Avropaya yayılması riski belə var.
Bu səbəbdən, Türkiyənin sülhməramlı missiyada iştirakı ancaq müharibə sona çatdıqdan sonra gündəmə gələ bilər. Həmin zaman bu, ən real variantlardan biri ola bilər. Bunun bir neçə əsas səbəbi var:
1.Türkiyənin sülhməramlı missiyalar sahəsində təcrübəsi var və əvvəllər də müxtəlif bölgələrdə belə öhdəlikləri yerinə yetirib.
2. Türkiyə həm Ukrayna, həm də Rusiya tərəfindən qəbul edilən nadir aktorlardandır. Bu səbəbdən, sülhün təminatçısı kimi obyektiv mövqe tuta bilər.
3. Türkiyə həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən qəbul edilir və onun belə bir missiyaya cəlb olunmasına ciddi əngəl olmayacaq.
Bundan əlavə, Türkiyənin NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə də balanslı münasibət saxlaması onun bu məsələdə konstruktiv rol oynaya biləcəyini göstərir. NATO-Rusiya münasibətlərinin son dərəcə gərgin olduğu indiki dövrdə bu balans xüsusilə əhəmiyyətlidir.
NATO konvensiyasının tətbiqi kontekstində isə, Türkiyənin Qara dənizdəki strateji mövqeyi çox güclüdür. Bəzi qüvvələr, o cümlədən Rusiya, bu mövqeyi zəiflətməyə çalışsa da, Türkiyə Qara dənizdə öz maraqlarını qoruyur və qorumaqda da davam edəcək. Eyni zamanda, bu bölgədə baş verən bəzi insidentlər fonunda Türkiyəni müharibəyə cəlb etmək istəyən cəhdlər də istisna deyil. Lakin Türkiyə bu məsələlərdə diqqətli və strateji yanaşma nümayiş etdirir.
Ümumilikdə, Türkiyənin potensial sülhməramlı rolu real və mümkün variantdır, lakin bu, yalnız müharibənin sonrasında aktuallaşa bilər".
Aişə Mustafayeva
