00:00:00
Yazar
Admin User
29.01.2026 16:32 57 3 dəq oxuma
Siyasət

Türkiyə ilə Aİ arasında növbəti siyasi dialoq toplantısı keçirilib

Türkiyə ilə Aİ arasında növbəti siyasi dialoq toplantısı keçirilib

Türkiyə ilə Avropa İttifaqı arasında siyasi dialoq mexanizmi çərçivəsində növbəti toplantı keçirilib. Ankarada baş tutan görüşdə tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Türkiyə-Aİ münasibətlərinin mövcud durumu və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq, KAFKASSAM-ın sədri Hasan Oktay bildirib ki, dünyada baş verən yeni geosiyasi proseslər, Rusiya-Avropa İttifaqı münasibətlərindəki gərginlik və Rusiyanın Ukrayna üzərindən Avropa İttifaqı üçün yaratdığı təhlükə Aİ-ni yeni siyasi və təhlükəsizlik axtarışlarına sövq edir:

 

“Bu kontekstdə Türkiyə ilə Avropa İttifaqı arasında siyasi dialoq mexanizmi çərçivəsində növbəti görüşün keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Ankarada baş tutan toplantıda tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini, eləcə də Türkiyə-Aİ münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər. Sözügedən görüş Türkiyə-Aİ münasibətlərinin artıq klassik "tam üzvlük danışıqları" modelindən uzaqlaşaraq daha çox əməkdaşlıq və dialoq əsaslı mərhələyə keçdiyini göstərir. Tam üzvlük müzakirələrinin faktiki olaraq durğunlaşdığı bir şəraitdə bu cür siyasi dialoq mexanizmləri tərəflər arasında əlaqələrin qorunub saxlanılmasında mühüm rol oynayır. 2026-cı ilin əvvəlinə təsadüf edən bu görüş Fransanın G7-yə dövr sədrliyi və Türkiyənin COP31-ə ev sahibliyi kimi qlobal məsuliyyətləri fonunda tərəflərin bir-birini artıq sadəcə "namizəd ölkə" və ya "ittifaq" kimi deyil, qarşılıqlı şəkildə əvəzolunmaz strateji tərəfdaşlar kimi qəbul etdiyini nümayiş etdirir. Xüsusilə təhlükəsizlik məsələsinin Aİ gündəmində daha da ön plana çıxması bu yanaşmanı gücləndirir. Görüşdə təhlükəsizlik mövzusunun əsas müzakirə predmeti olması Avropa İttifaqının Türkiyəyə olan ehtiyacının artdığını açıq şəkildə ortaya qoyur. Ukraynada davam edən müharibə, Yaxın Şərqdə, xüsusilə Qəzza və ətraf bölgələrdə hökm sürən qeyri-sabitlik, eləcə də enerji təhlükəsizliyi məsələləri Aİ-nin təhlükəsizlik memarlığını Türkiyəsiz formalaşdırmasını mümkünsüz edir. Aralıq dənizi hövzəsində formalaşan enerji marşrutları, hidrogen texnologiyalarının inkişafı və qaz ötürmə xətləri Türkiyəni regionda açar aktora çevirir. Eyni zamanda, xüsusilə İran ətrafında yarana biləcək böhranlar nəzərə alındıqda, miqrasiya axınlarının idarə olunması baxımından Türkiyə Avropa İttifaqının daxili təhlükəsizliyi üçün hələ də ən vacib tampon zona və strateji tərəfdaş olaraq qalır. Yeni təhlükəsizlik konsepsiyasında Türkiyə Aİ üçün mühüm sığorta rolunu oynayır. Regional münaqişələr fonunda Türkiyənin Avropa İttifaqı üçün rolu da əhəmiyyətli dərəcədə dəyişib. Türkiyə artıq yalnız təhlükəsizlik baxımından "keşikçi" funksiyasını yerinə yetirən ölkə deyil, eyni zamanda oyunqurucu və vasitəçi aktor kimi çıxış edir. Qara dənizdən Aralıq dənizinə qədər uzanan geosiyasi xətt üzərində Türkiyənin NATO-nun ən güclü qanadlarından biri olması Avropanın fiziki təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi və digər regional böhranlar zamanı həm Qərb ölkələri, həm də qarşı tərəflərlə dialoq qura bilən yeganə aktor olması Türkiyəni Avropa İttifaqı üçün sadəcə xarici siyasət alətinə deyil, strateji zərurətə çevrilmiş tərəfdaşa çevirir. 2026-cı ilin əvvəllərində keçirilən bu görüşlər fonunda Türkiyə-Aİ münasibətlərində konkret və praktik addımların gündəmə gəlməsi ehtimalı artır. Xüsusilə Gömrük Birliyinin yenilənməsi və viza liberallaşması kimi məsələlərin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqla paralel şəkildə və qarşılıqlı dəyişdirmə mexanizmi çərçivəsində irəlilədilməsi mümkündür. Bu prosesdə ən önəmli məqam isə Avropa İttifaqının təhlükəsizlik və müdafiə ehtiyaclarının Türkiyə ilə birlikdə planlaşdırılmasıdır".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər