Türkmənistan ABŞ üçün niyə vacibdir?
ABŞ-nin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi Serxio Qor 22-23 yanvar tarixlərində Türkmənistana səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Cənubi və Orta Asiya siyasətində Türkmənistanın rolu ilk növbədə onun geostrateji mövqeyi ilə müəyyənləşir:
“Əfqanıstanla sərhəddə yerləşməsi Aşqabada regional təhlükəsizlik, sabitliyin qorunması və risklərin idarə olunması baxımından xüsusi əhəmiyyət qazandırır. Bununla yanaşı, Türkmənistanın zəngin təbii qaz ehtiyatları Vaşinqton üçün enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi kontekstində mühüm amil kimi çıxış edir. Ölkənin beynəlxalq səviyyədə tanınmış daimi neytrallıq statusu isə ABŞ-yə regionda Rusiya, Çin və İran arasında formalaşan geosiyasi balans fonunda daha çevik, praqmatik əməkdaşlıq imkanları yaradır. Məhz bu faktorlar Türkmənistanı ABŞ üçün Orta Asiyada sabit, proqnozlaşdırılan və strateji baxımdan əhəmiyyətli tərəfdaşlardan birinə çevirir. Serxio Qorun Türkmənistana planlaşdırılan səfəri ABŞ–Türkmənistan münasibətlərində daha çox praktiki maraqlara söykənən yeni mərhələnin formalaşdığını göstərir. Gözləntilər siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, enerji, nəqliyyat, logistika, ticarət və biznes sahələrində konkret əməkdaşlıq mexanizmlərinin müzakirəsinə yönəlib. Bu səfər ABŞ-nin Aşqabadla əlaqələri institusionallaşdırmaq, regional təhlükəsizlik məsələlərində Türkmənistanı daha fəal tərəfdaş kimi görmək niyyətini ortaya qoyur. Eyni zamanda, bu proses Türkmənistan üçün beynəlxalq əlaqələrini genişləndirmək və balanslı xarici siyasət kursunu möhkəmləndirmək imkanı yaradır ki, bu da münasibətlərin mərhələli və qarşılıqlı faydaya əsaslanan yeni inkişaf xəttinə keçdiyini deməyə əsas verir”.
Nuray Əliyeva
