Tailand: Kamboca atəşkəsi pozub
Tailand Kambocanı sərhəddə atəşkəs rejimini pozmaqda ittiham edib. Bildirilib ki, yanvarın 6-da səhər saatlarında Kamboca qüvvələri Ubonraçathani əyalətinin Çonq Bok bölgəsində Tailand mövqelərini minaatanlardan atəşə tutub. Nəticədə bir Tailand əsgəri yaralanıb. Xatırladaq ki, tərəflər dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Vaşinqtonun Tailand-Kamboca gərginliyindən istifadə imkanları nəzəri baxımdan mövcuddur:
“Lakin bu, birbaşa hərbi müdaxilə formasında deyil, daha çox diplomatik və təhlükəsizlik əməkdaşlığı çərçivəsində özünü göstərə bilər. ABŞ uzun müddətdir Cənub-Şərqi Asiyada sabitliyin qorunmasını Çin təsirinin balanslaşdırılması kontekstində prioritet sayır və belə lokal qarşıdurmalar Vaşinqtona “vasitəçi” və ya “təhlükəsizlik tərəfdaşı” rolunu gücləndirmək imkanı yarada bilər. Bununla belə, Tailandın ənənəvi olaraq balanslı xarici siyasət yürütməsi və Kambocanın Çinlə yaxın münasibətləri ABŞ-nin təsirinin məhdud və ehtiyatlı şəkildə artacağını göstərir. Yəni Vaşinqton bu gərginlikdən daha çox siyasi-diplomatik mövcudluğunu gücləndirmək üçün yararlana bilər, amma vəziyyəti açıq qarşıdurmaya sürükləmək marağında deyil. ABŞ-Çin regional rəqabəti isə bu cür sərhəd insidentlərini dolayısı ilə dərinləşdirə bilən amillərdən biridir. Kambocanın Çinə strateji yaxınlığı və Pekinin regiondakı hərbi-logistik mövcudluğu Tailand üçün əlavə təhlükəsizlik narahatlığı yaradır, bu da lokal hadisələrin daha geniş geosiyasi kontekstdə oxunmasına səbəb olur. Bununla belə, yanvarın 6-da baş verən insident atəşkəsin tam iflası anlamına gəlmir; daha çox zəif və kövrək razılaşmanın risklərini üzə çıxaran epizod kimi qiymətləndirilə bilər. Əgər tərəflər diplomatik kanalları açıq saxlayar və hadisəni eskalasiya alətinə çevirməzsə, atəşkəsin bərpası mümkündür, əks halda isə böyük güclərin rəqabəti fonunda lokal toqquşmalar daha davamlı gərginliyə çevrilə bilər”.
Mələk Hüseynova
