Taksilərə görə avtobuslar dayanacağa daxil ola bilmir
Biləcəri dairəsi, Rəşid İsmayılov küçəsi... Burada cəmi bir dayanacağın olmağına baxmayaraq avtobuslar dayanacağa daxil olmur. Sərnişinlər məcbur qalıb yolun digər istiqamətində, yəni avtobusların dayandığı yerdə gözləməli olurlar. Gündəlik olaraq bu yoldan istifadə edən sərnişinlərin sözlərinə görə, qızmar yay günlərində, küləkli havalarda, yağışlı günlərdə özlərinə daldalanmaq üçün yer tapa bilmirlər. Avtobus sürücüləri isə mövcud vəziyyəti müxtəlif səbəblərlə əsaslandırırlar. “Burda şəhərə gedənlər dayanacaqda durur, orda avtovağzala gedənlər dayanmalıdır, dayanır. Ora girib-çıxmaq mümkün deyil”. Taksi sürücüləri buranın əvvəlcədən taksi dayanacağı olduğunu deyirlər.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, qeyd olunan ünvanda avtobuslar üçün cib tipli dayanacaq məntəqəsi mövcud olmasına baxmayaraq, taksilər sözügedən ərazini zəbt edib. “Bu səbəbdən də müntəzəm marşrut xətti üzrə avtobuslar dayanacaq məntəqəsinə daxil olmaqda çətinlik çəkir”. Agentlik o da qeyd olundu ki, problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.
Səbinə
