Taksilərlə bağlı hansı dəyişiklik ediləcək?
Bakıda taksi xidmətləri tez-tez müəyyən problemlərlə gündəmə gəlir. Şikayətçilər isə tək müştərilər deyil, eləcə də bu işlə məşğul olan sürücülərdir. Bəs görəsən bu fəaliyyəti tənzimləmək üçün hansı tədbirlərə ehtiyac var?
Bu gün Bakının əsas küçə və prospektləri ilə yanaşı ətraf ərazilərdə də tıxaclar müşahidə olunur. Bu sıxlığın başlıca səbəblərindən biri məhz belə taksi şirkətlərinin çoxluğu, 10 minlərlə qanunsuz taksinin fəaliyyət göstərməsidir. Elə bu cür problemləri aradan qaldırmaq üçün Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi müəyyən tədbirlər görməyi planlaşdırır:
AYNA-nın mətbuat katibi Tural Orucov deyir ki, əsas məqsəd yollardakı sıxlığın aradan qaldırılmasıdır: “Buna görə ilk olaraq taksilərin sayını azaltmaq üzərində çalışacağıq. Digər problem isə taksi sürücülərinin müştərilərlə qeyri-etik davranışlarıdır ki, bununla bağlı da müəyyən tədbirlər görüləcək. Ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir, böyük narazılıqlara səbəb olur. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən və keyfiyyətsiz xidmətdən, vətəndaşlar isə ümumilikdə taksilərin xaotik və təhlükəli idarə olunmasından, tıxaclar yaratmasından şikayətlənir. Hazırda ölkə ərazisində taksi xidməti göstərən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir”.
Nəqliyyat ekspertləri görüləcək tədbirlərin tək sıxlığı deyil, taksilərlə bağlı digər problemləri də aradan qaldıracağını deyirlər.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, taksi fəaliyyətində bu gün çox ciddi özbaşınalıqlar var: “Əgər nəzərdə tutulan tədbirlər həyata keçirilsə, bu, vergi məsələsini də tənzimləyər. Belə olan halda bu işlə daha peşəkar sürücülər məşğul olar, fərqlənmə nişanları da olar, yəni qanuni şəkildə fəaliyyət göstərərlər”.
