TAKSİLƏRLƏ BAĞLI YENİ QƏRAR NƏYİ DƏYİŞƏCƏK?
Prezident İlham Əliyevin "Dövlət rüsumu haqqında qanun"da etdiyi dəyişikliklərə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manat olacaq. Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcının taksi ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, bu dəyişikliklər taksi sahəsindəki keyfiyyətin yüksəlməsinə, nəzarət mexaniziminin daha da ciddiləşməsinə yönəlib. Qiymətlərə gəldikdə isə, taksilərin çox işlədilib, az qazandığını deyən ekspert qanun vasitəsilə taksilərin fəaliyyətinə nəzarət olunacağını və bu sahədə özbaşınalığın qarşısının alınacağını söylədi.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə bu dəyişikliyin sərnişinlərin təhlükəsizliyi üçün önəmini vurğulayır. “Uzun müddətdir vətəndaşlar keyfiyyətsiz və təhlükəli xidmətlərdən şikayətlənirdilər. Qanunda edilən dəyişikliklər keyfiyyəti arttırcaq və sərnişinlərin təhlükəsizliyini təmin edəcək”.
Çinarə Muradova
