00:00:00
Yazar
Admin User
29.08.2025 10:49 154 9 dəq oxuma
Maraqlı

TALEYİMİZDƏ VƏ TARİXİMİZDƏ ƏN ÖNƏMLİ MƏSƏLƏ VƏ YAXUD BİRLƏŞƏ BİLİRİKMİ?!

TALEYİMİZDƏ VƏ TARİXİMİZDƏ ƏN ÖNƏMLİ MƏSƏLƏ VƏ YAXUD BİRLƏŞƏ BİLİRİKMİ?!

Yüz ildən çox bundan əvvəl üzünü bütün Türk dünyasına tutaraq “Dildə, fikirdə, işdə birlik” deyən İsmayıl bəy Qaspiralı nə az, nə çox yarım əsrə yaxın bu yolda mücadilə apardı. “Bir dil, bir fikir və bir iş” gərəkliyini anladan İsmayıl bəy ömrünün sonuna kimi bu müqəddəs məramın müdafiəsində bir qaya kimi sədd çəkərək mətanətlə, dəyanətlə durdu!  

     

Dünyaya səpələnmiş, parçalanmış, hüquqları əlindən alınmış din, dil qardaşlarını birləşdirmək, üçün “bütün Türklərin tərcümanı” olan “Tərcüman”ı yaratdı. Bununla da türk millətinin orta əsr həyatına “əlvida” deyərək onu milli oyanışı uğrunda mübarizəyə hazırladı. Bu mübarizədə İsmayıl bəyi diri-diri parçalamağa, məhv etməyə hazır olan rus şovinistləri və onlardan heç də geri qalmayan “milli” satqınlar bu “arzularına” İsmayıl bəy sağ olarkən “qovuşa” bilməsələr də, ölümündən sonra məzarını belə yerlə-yeksan etməklə “qovuşdular”. 

 

Əslində 1930-cu ilə qədər Qaspiralı böyüklüyü inkar edilmirdi. Tədqiqatçıların fikrincə, 1926-cı ildəBakıda keçirilən I Türkoloji qurultay da hətta İ.Qaspiralının şərəfinə keçirilmişdir. Lakin sonralar anladılar ki, “türk xalqlarının proqressiv inkişafının əsasını qoyan”, “Üsuli-cədid”i hərəkatını bütün müsəlman dünyasında güclü bir cərəyan kimi hərəkətə gətirən, ona “baş komandanlıq” edən  İsmayıl bəyinideyaları sovetlər üçün təhlükəlidir. Çünki, artıq türk dünyasında İsmayıl bəy Qaspiralı dühasına, dünyasına sadiq yüzlərlə ismayıllar yetişirdi. Bax bu idi sovetləri təşvişə salan! 

 

Odur ki, 20-ci yüzilliyin əvvəllərində ziyalılarımız tərəfindən “Millət atası” adlandırılan bu atanın ideyalarını, əməllərini məhv etmək, yer üzündən silmək üçün Sovet hökuməti 1930-cu ildən sonra ona qarşı birmənalı olaraq münasibəti dəyişdi. Onun məzarı təhqir edilərək qəbrini dağıtdılar, irsinin tədqiqinə və təbliğinə qadağa qoyuldu. Beləliklə, xalqımız bir müddət “ümummillətin ruhunu müalicə edən”,Qaspiralı dühasından, dünyasından xəbərsiz qaldı. Ta ki 1987-ci ilin sonlarına kimi.  

 

“Talesiz millətə” əməlləri və amalları ilə səadət və qüvvət verən “bütün türk dünyasının iftixar, şərəf qaynağı” olan Qaspiralı irsinə qadağa qoyan Sovet hakimiyyəti hər vəchlə ona pantürkist, panislamist adı ilə “millətçi damğası” vurdu. Qaspiralı ruhundan, ideyasından, təşvişə düşən sovetlər bu yolla onu tarixin səhifələrindən silməyə çalışırdı…

…Ə.Müznibin “ruhi-müqəddəs” adlandırdığı və Əhməd Midhəd əfəndinin “böyük ustadımız” deyə müraciət etdiyi İsmayıl bəy Qaspiralı kim idi ki, sovetləri bu qədər təşvişə salmış, əndişələndirmiş?                                                

     

Millətdaşlarını və dindaşlarını oyandırmaq, tərəqqi etdirmək yolunda” canını fəda edən mücahid, böyük islahatçı, “türk birliyi idealının qurucularından və fikir atalarından” biri olan türkçü-turançı. Böyük Türk Dünyasının görkəmli xadimlərinin, mücahidlərinin, amal və əməl, qələm və kəlam sahiblərinin dediklərinə istinad etsək, “ideyalarının, əməllərinin təsir gücü, əhatə dairəsi və yaşarlığına görə türk xalqlarının çar Rusiyası sərhədləri daxilində yetişdirdiyi ən qüdrətli nümayəndəsi” idi İsmayıl bəy Qaspiralı. “Turanın əmsalsız mədəni qəhrəmanı” olan “türk yurdunun yolbaşçısı” bir mürşüd, bir ustad kimi türkçülük tarixində yeni mərhələ açan naşir, redaktor, mühərrir, yazıçı-publisist, filosof-dinşünas, islahatçı və ən nəhayət böyük millətpərvər, millətsevər, türksevər bir Türk oğlu idi İsmayıl bəy Qaspiralı. Krımın istiqlal liderlərindən Çələbi Cahanın “yüksək bir kainat” adlandırdığı və türk tarixinin yetişdirdiyi, “türk millətinin gələcəyinin təsbit edilməsində ən doğru ideyaları irəli sürmüş siyasi xadim və düşüncə sahibi” olan İsmayıl bəy arzularını qələmi, kəlamı, əməli ilə həyata keçirən bir əqidə sahibi idi. Ömrünün 35 ilini təmənnasız olaraq, heç bir mükafat gözləmədən xalqı, milləti yolunda ürəklə fəda edən bir fikir, mücadilə adamı idi.  

                                                    

163 il bundan əvvəl Krımın Avça kəndində, çar ordusunun zabiti olan Mustafa kişinin ailəsində bir oğlan övladı dünyaya gəldi. Müqəddəs İsmayıl adı ilə çağırılan, kiçik bir kənddə dünyaya göz açan bu oğlan illər sonra Böyük Türk dünyasının fəxr duya biləcəyi bir oğul kimi tarixə düşdü və cəsarət, fədakarlıq simvoluna çevrildi. 

      

Yaşıdları kimi ilk təhsilini müsəlman məktəbində alan İsmayıl iki il Simferopol gimnaziyasında oxuduqdan sonra atasının istəyilə Voronejdə hərbi məktəbə daxil olur. Daha sonra isə Moskva Hərbi Gimnaziyasında hərbi təhsilini davam etdirir. Gimnaziyada onun dili, dini bir qardaşlarına, xüsusən də türk-tatarlara olan alçaldıcı, təhqiramiz, şovinist münasibət birdəfəlik olaraq İsmayılı bu yoldan uzaqlaşdırır və daha dərindən düşünməyə vadar edir. 

     

Tərəddüdlər içində olan İsmayıl bəy Avropaya, Şərq ölkələrinə üz tutur. İstanbulu, Münheni, Fransanı gəzir, dolaşır. Gördükləri, oxuduqları onun həyatında yeni dövrün başlamasına səbəb olur və onda milli inkişafın tərəqqisi arzularını yaradaraq millətini bu yolla birliyə, azadlığa aparmağa istiqamətləndirir. Əsrlərlə Rus imperiyasının əsarəti altında inləyən əsir türk xalqlarının acı taleyi onu bu yolda barışmaz mövqeyə səsləyir. Bütün bu əsarətlərin və zülmlərin cəngindən qurtulmaq üçün maariflənmək, yeniliyə can atmaq, bütün türk dünyasını birləşdirmək, ortaq türk mədəniyyəti yaratmaq…

      

Bu arzularını reallaşdırmaq üçün İsmayıl bəy qəzet buraxmaq arzusu ilə çar hökumətinə müraciət edir. Və təbii ki, cavab müsbət olmur. Lakin bu onu ruhdan salmır. O, nəyin bahasına olursa-olsun arzularını reallaşdırmağı qarşısına məqsəd qoyur və nəhayət 1883-cü ildə arzusunu reallaşdırır, “Tərcüman”ı işıq üzü görür. Daha böyük ümidlər vəd edən “Tərcüman” tez bir zamanda Krım xaricindən kənara çıxdı. Səsi-sorağı Çin, İran, Hindistan, Türkistan, Rumıniya kimidiyarlardan gəldi. Bütün türk dünyasını birliyə dəvət ideallı olan bu qəzet türk məmləkətlərində böyük bir təsir buraxaraq türklərin intibahında mühüm bir amil oldu.

     

Tanınmış alim Yavuz Akpinar heç də boşuna demirdi ki: “Tərcüman” tək başına türk dünyasında heç bir qəzetlə müqayisə edilməyəcək qədər xidmət göstərmiş, şərəfli bir tarixə sahib olmuşdur”. İllər sonra ABŞ türkoloqu Edvard “zamanla “Tərcüman” modernizmin simvoluna çevrildi” deyə ona yüksək qiymət vermişdi. “Türk mətbuat tarixinin ən diqqətə dəyər simalarından biri şübhəsiz, İsmayıl bəy Qaspiralı və qəzetlərindən də biri onun çıxardığı “Tərcüman” qəzetidir” söyləyən Altan Dəliorman bu qəzeti “Taym” və “Novoye vremya” qəzetlərinin fəaliyyəti ilə müqayisə edərək daha yüksək qiymətləndirir.

     

“Molla Nəsrəddin” jurnalı istisna edilmək şərtilə Rusiya imperiyasının islam etiqadlı, türk soylu vətəndaşları arasında “Tərcüman” qədər geniş miqyasda yayılan kütləvi şəkildə oxunan, şüurlara qüvvətli təsir göstərən və ən nəhayət, zamanına görə ətrafına nisbətən çoxlu oxucu və abunəçi toplayan ikinci bir dövri mətbuat orqanı təsəvvürə gətirmək çətindir”.  

  

31 il Şərqin və Rusiyanın məşhur mətbuat orqanlarından sayılan “Tərcüman”ın vasitəsilə Rusiya müsəlmanlarının –türklərin təfəkkür tərzində dəyişiklik edərək bir ümid işığı yandıran Qaspiralı dil, din qardaşlarını birləşdirmək, onların problemlərini birgə müzakirə edərək çarəsini tapmaq üçün əvvəlcə Rusiya müsəlmanlarının, sonra isə dünya müsəlmanlarının qurultayını keçirmək təşəbbüsünü irəli sürür. Və Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilən Rusiya müsəlmanlarının I, II, III qurultaylarından sonra İ.Qaspiralı Misirdə 1907-ci ildə Dünya müsəlmanlarının bu ali məclisini keçirməyə nail olur.Və bu yolda apardığı mücadilələr, milləti birləşdirmək və dünyəviləşdirmək fəaliyyəti ona “Krımlı bir Atatürk” adını qazandırır.  

       

“İstənilən avropalının həsəd apara biləcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir insan” adlandırılan Qaspiralı bu yolla bütün türk-müsəlman dünyasının azadlığı və tərəqqisi uğrunda mücadiləyə qalxaraq, bu yolda yeni məktəblərin, xeyriyyə cəmiyyətlərinin, ədəbi məclislərin əsasını qoydu. Məktəb və mətbuatı bu yolda özünə ən sədaqətli dost seçərək “müəssir-təsiri” ən müqəddəs amil kimi mətbuata, məktəbə üz tutdu. Məktəbə, mətbuata üz tutdu ki, qaranlıqda məhv olan millətini maarifin işığına qərq etsin, nurlandırsın. Millətinə maarifə möhtac olduğunu, maarifdən kənar həyatın olmadığını anlatsın. Elmi “nura və altuna” bənzədən insaniyyət, qeyrət və həmiyyət sahibi olan İsmayıl bəy millətinin səadətini hər şeydən üstün tutmuş və bu yolda canını belə fəda edərək tarixi bir şəxsiyyətə çevrildi.  

       

Ədəbiyyatşünas alim F.Köçərli demiş: “Tərcüman” bizi ayıltdı, o vaxta kimi biz kim olduğumuzu bilmirdik. Ona görə də “Tərcüman” bütün türklərindir” söyləyən M.Ə.Rəsulzadə çox haqqlı idi. Odur ki, “milləti dirildən atəş” daha odlu-alovlu şölə saçmağa başlayaraq, özündən sonra milyonlarla millət, vətən mücahidləri yetişdirdi ki, onlar bu gündə, sabah da Qaspiralı əzəməti qarşısında yüksələrək millət yolunda təzahür edərək, ruhu bütün Türk dünyasının səmalarında dolaşan Qaspiralı ruhunu ehtiramla yad etsin. 

    

 “Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl fikir lazımdır” söyləyən ustadlarımız nə qədər haqlı imiş. “Milli mənsubiyyət hər şeydən müqəddəm, hər şeydən müqəddəsdir” deyərək Qaspiralı dildə, fikirdə, əməldə bu milli birliyi yaratdığı üçün türk xalqlarının əbədi “şükranlığına” layiqdir. Çünki dahi Qaspiralı ideyaları nəticə etibarilə türk xalqlarını milli şüurunun oyanışına, milli özünüdərkin təsdiqinə və ən başlıcası istiqlal mücadiləsinə apararaq millətinə “tərəqqinin yol xəritəsini” göstərdi, dünyaya gözünü açdı. Bu müqəddəs ideyalarına qarşı sərt mövqe tutanlara, onu kafir adlandıranlara üzünü tutaraq: “… Mənəvi ruhumuzun saflığı üçün Quran lazımdır. Maarif isə bədənimizin sağlamlığına xidmət edir” deyən mücahid “aləmi-islamı cəhalət bürüyən bir zamanda, müsəlmanları qaranlıq dəhşətlə əhatə etdiyi bir anda, minlərlə mikroblar millətin yaralı bədəninə sarıldığı bir vaxtda” İsmayıl bəy tək-tənha meydana çıxdı, qələmi və kəlamı ilə mübarizəyə qalxdı. Bu mübarizədə millətini “milli düşüncə, milli dil, milli təhsil”ə yönəltdi.

      

Və nəticədə onun arzularını, amallarını dahi mütəfəkkir Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat”da “türkləşmək, islamlaşmaq və avropalaşmaq” şəklində formalaşdıraraq həyata keçirməyə başladı. Bu İsmayıl bəyi nə qədər sevindirdi. Çünki o, “tamam ömrünü, tamam istirahət və nikbəxtliyini, tamam bəzaizi-dünyaiyyəsini millətinə və həmdinlərinə fəda etmişdir”. Deməli, əməlləri boşuna getməmiş, onu “təqdir etməklə tazə İsmayıl bəylər” yetişmiş. 

    

  Qaspiralışünas Nəcip Hablemitoğlu demiş: “Milli ruhlu bir aydınlar zümrəsi yetişdirərək, son nəfəsinədək türklüyün təbliğindən bir an belə çəkilmədi”. Bununla da üzünü Böyük Türk dünyasına tutaraq dedi ki: “Ey türk, ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa, fikirdə birliyin olmayacaq, fikirdə birliyin olmasa, işdə birliyin olmayacaq və məhv olacaqsan”. 

   

 “Türk-tatar dünyasının yenilikçi bayraqdarı olmuş” və türklərə azəri, başqırt, tatar, özbək kimi adların verilməsinin bir məqsədə, bir amala-Böyük türk dünyasının parçalanması, dağılması məqsədinə apardığını söyləyən İsmayıl bəyin nə qədər haqlı olduğunu bu gün zaman sübut etmədimi? Tarix, zaman göstərir ki, nədənsə “türk milləti üçün xeyirli olan hər işin daxili və xarici bədxahları olmuşdur və bundan sonra da olacaqdır”. Biz türklər isə bir millət olaraq “dildə, fikirdə, işdə” birləşərək, İsmayıl bəy Qaspiralı əzmi və səbri nümayiş etdirərək, bu “oyunun qurucularını elmin, ağlın yardımı ilə bitərəf etməliyik”. Onda biz “həyatı boyunca yorulmadan inancı yolunda mücadilə edən” İsmayıl bəy Qaspiralı ruhunu şad etmiş və birlik ideyasını həyata keçirmiş olarıq. 

                                                           

Əslində buna çox ehtiyacımız da var. Bu, gün kimi aydındır ki, heç bir türk xalqı təkbaşına problemlərini həll edə bilməz. Bu problemlərin həll olunmasının “tək yolu bərabər olmaqdır”. “Bədbəxtliyimizə səbəb olan zəhər də, səadətimizə səbəb olan mənəvi güc də vücudumuzdadır” söyləyən Qaspiralı bu vücudumuza yalnız və yalnız milli həmiyyət sevgisi bəxş etməkdə idi. Bunun üçün isə yalnız “millət və yurd uğrunda”qeyrətlə çalışmaq, vuruşmaq lazımdır. Türk-islam tarixinin mümtaz zəka sahibi olan İsmayıl bəy Qaspiralı kimi gözəl düşüncə və əməl sahibi olmaq, millət fədaisinə çevrilmək gərək. 

    

 İndi növbə sənindir, ey Türk oğlu! Necə ki, düz bir əsr bundan əvvəl 1914-cü ildə İ.Qaspiralının ölümü münasibətilə çap olunan məqalədə “Sədayi-həqq” qəzeti yazırdı ki: “İndi növbə həmin millətindir ki, onu təqdir etməklə millətimizin ən möhtac olduğu tazə İsmayıl bəylər yaratsın!”. 

       

C.Hacıbəyli “Ən yaxşı abidə” adlı məqaləsində: “İsmayıl bəy üçün ən yaxşı abidə bizim birliyimizdir” deməklə nə qədər haqlı imiş. Bəs görəsən biz bu abidəni yarada bildikmi və yaxud yaratmağa cəhd etdikmi?

      

Bir millət olaraq bu birliyin taleyimizdə və tariximizdə nə qədər önəmli bir məsələ olduğunu yəqin ki, dərk edirik?! BƏS ONDA NİYƏ BİRLƏŞMİRİK???

                                                              

    “Kaspi” qəzeti, 8 may 2014

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər