00:00:00
Yazar
Admin User
05.02.2026 17:36 57 2 dəq oxuma
Dünya

Taliban qadınlara universitetə getməyi qadağan edib

Taliban qadınlara universitetə getməyi qadağan edib

 

Əfqanıstanda Talibanın Ali Təhsil Nazirliyi yazılı bəyanat yayaraq qadınların universitetlərdə təhsil almasını qadağan edib.

 

Məsələ ilə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "İnformator.az"a açıqlamasında bildirib ki, Əfqanıstanda təhsil hüququnun məhdudlaşdırılması təkcə savadsızlığı artırmayacaq: 

 

“Bu, həm də sosial, iqtisadi, psixoloji və təhlükəsizlik baxımından olduqca ağır fəsadlarla nəticələnə biləcək bir haldır. İndiki halda bəlkə də bu kifayət qədər görünmür, lakin yaxın gələcək üçün ciddi təhlükələr formalaşacaq. Bu təhlükələr həm sosial, həm ümumi təhlükəsizlik, həm də iqtisadi baxımdan ağır nəticələr doğuracaq və bəzi hallarda qadınlara qarşı zorakılığın daha da artmasına gətirib çıxaracaq. Təbii ki, radikallaşma riskinin artması və qadın hüquqlarının məhdudlaşdırılması şəraitində qadının sözünün eşidilməsi, cəmiyyətdə rol oynaması kimi məsələlərdən danışmaq çətin olacaq. Qadınların cəmiyyətdəki rolu ciddi şəkildə dəyişəcək, demək olar ki, orta əsrlər vəziyyətinə qayıdış baş verəcək. Ehtimal olunur ki, bu, qadınların yalnız evdə qalması, ev işləri ilə məşğul olması, erkən nikahların və erkən uşaq doğumlarının artması, uşaq ölümlərinin çoxalması, eləcə də bəzi hallarda çoxarvadlılıq və qadının səsinin ümumiyyətlə eşidilməməsi ilə nəticələnəcək. Mən düşünürəm ki, ölkə öz inkişaf parametrlərində geriyə doğru yeni bir istiqamətə yönəlmiş olacaq. Elə bil ki, qadınlar yenidən öz həyatları ilə bağlı hərəkətə keçməyə məcbur qalacaqlar. Hazırkı radikal addımlar, ola bilsin, böyük təhlükələr yaratsın, qadın ölümlərinin sayı artsın. Qadınların hansısa formada cəzalandırılması üçün müxtəlif metodlardan-qorxutma, söz ifadə etməsinin və öz haqqını tələb etməsinin qarşısının alınması kimi üsullardan istifadə oluna bilər”.

 

Eskpert həmçinin bunu da qeyd edib ki, bununla belə, cəmiyyətdə əvvəlki dövrlərdə təhsil almış qadınlar da var və bu məsələlərdə onlar öz sözlərini deyə bilərlər:

 

“Hər hansı formada qadınların təhsilinin və bərabərliyinin təmin olunması uğrunda çalışırlar və orada kifayət qədər ağıllı, ziyalı və işıqlı xanımlar mövcuddur. Mən düşünmürəm ki, onlar bu vəziyyətin olduğu kimi qalmasına razılıq verəcəklər. Mənə elə gəlir ki, mərhələ-mərhələ gedilən yolu yenidən dəyişməyə məcbur qalacaqlar, çünki bu vəziyyət ümumilikdə cəmiyyət üçün də əlverişli deyil. Qadınların bütün fəaliyyətlərdən uzaqlaşdırılması və ya savadsızlığa sürüklənməsi ölkə büdcəsi üçün də böyük zərər verəcək. Mən belə düşünürəm ki, ölkənin büdcəsi bundan ciddi şəkildə zərər çəkəcək. Bütün bunlarla yanaşı, bu proseslər ölkənin beynəlxalq aləmdə imicinə də böyük zərbə vuracaq. Qadın miqrantların sayının artması ehtimalı yüksəkdir və düşünürəm ki, bütün bunlar ölkənin həm iqtisadi fəaliyyətinin, həm də insan kapitalının zəifləməsinə gətirib çıxaracaq. Yəni, yaxşı perspektivlər görünmür. Ölkə ideoloji baxımdan müəyyən dəyişikliklər etməsə və qadınları təhsildən uzaqlaşdıraraq onların qısnamasını davam etdirsə, bu, inkişaf baxımından son dərəcə zərərli görünür”.

 

Aysun Xanatova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər